Əmanətlərin sığortalanması sistemi artıq tam formalaşıb - Azər Əmirov

Əmanətlərin sığortalanması sistemi artıq tam formalaşıb - Azər Əmirov

MÜSAHİBƏ
172

Fins.az - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Milli Mətbuat Gününün 151 illiyi münasibətilə Şamaxıda təşkil etdiyi Dialoq və Əməkdaşlıq Forumu çərçivəsində media nümayəndələrinin suallarını cavablandırıb. Forum zamanı ƏSF-nin Hüquq departamentinin direktoru Azər Əmirov əmanətlərin sığortalanması sistemi, maliyyə sabitliyi, kompensasiyaların ödənilməsi, rəqəmsallaşma, hüquqi şəxslərin əmanətlərinin sığortalanması, problemli aktivlərin idarə olunması və digər aktual məsələlər barədə fikirlərini bölüşüb.

– Azərbaycanda əmanətlərin sığortalanması sisteminin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

Azərbaycanda əmanətlərin sığortalanması sistemi artıq tam formalaşmış bir sistemdir. Bu sahədə qanunvericilik bazası kifayət qədər təkmildir. Sistem kollektiv sığorta modeli əsasında fəaliyyət göstərir və ölkədə fəaliyyət göstərən bütün kommersiya bankları onun iştirakçılarıdır. Əmanətlərin sığortalanması maliyyə sabitliyi mexanizminin mühüm hissəsidir və bank sisteminə olan etimadın qorunmasına xidmət edir.

– Qarşıdakı illərdə bu sistemdə hansı dəyişikliklər gözlənilir?

Hazırkı mərhələdə əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir. Bununla belə, maliyyə bazarında yaranan yeni çağırışlar nəzərə alınır. Hazırda Azərbaycan Mərkəzi Bankı ilə birlikdə investisiyaların sığortalanması mexanizmi üzərində iş aparılır. Bundan başqa, yeni maliyyə alətlərinin və "yaşıl maliyyə" istiqamətlərinin inkişafı ilə bağlı layihələr də müzakirə olunur.

WhatsApp Image 2026-07-27 at 12.52.56 (2).jpeg

– Əmanətlərin sığortalanması maliyyə sabitliyinə hansı töhfəni verir?

Fondun mövcudluğu özü maliyyə sabitliyi üçün mühüm təminatdır. Əmanətçilər əmindirlər ki, bank müflis elan olunduqda qanunvericilikdə nəzərdə tutulmuş həddə qədər onların qorunan əmanətləri kompensasiya olunacaq. Bu da vətəndaşların bank sisteminə olan etimadını gücləndirir. Azərbaycanda tətbiq olunan kompensasiya hədləri bir çox Avropa ölkələrinin orta göstəricilərinə yaxındır və region üzrə kifayət qədər yüksək səviyyədədir.

– Qorunan əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi gündəmdədirmi?

Hazırda buna ehtiyac yoxdur. Milli valyutada qorunan əmanətlər üzrə yuxarı faiz həddi 12 %, xarici valyutada isə 2,5 %-dir. Bu göstəricilər xüsusi metodologiya əsasında mütəmadi hesablanır və Himayəçilik Şurasında qiymətləndirilir. Son təhlillər göstərir ki, mövcud hədlər bazarın vəziyyətinə uyğundur.

– Hüquqi şəxslərin əmanətlərinin sığortalanması mümkündürmü?

Bu istiqamətdə Mərkəzi Bankla müzakirələr aparılır. Beynəlxalq praktikada hüquqi şəxslərin əmanətlərinin müəyyən limitlər çərçivəsində sığortalandığı modellər mövcuddur. Lakin belə qərarlar yalnız hərtərəfli iqtisadi təhlildən sonra qəbul oluna bilər. Çünki hüquqi şəxslərin bütün əmanətlərinin sığortalanması əlavə sığorta riskləri yarada bilər.

– Fond bank sektorunda riskləri necə idarə edir?

Fond bankların deyil, öz üzərinə düşə biləcək riskləri qiymətləndirir. Müxtəlif risk ssenariləri hazırlanır, bankların göstəriciləri təhlil olunur, rüblük və illik hesabatlar hazırlanaraq Himayəçilik Şurasında müzakirə edilir. Hazırkı qiymətləndirmələr yaxın perspektivdə ciddi risklərin olmadığını göstərir.

WhatsApp Image 2026-07-27 at 12.52.55.jpeg

– Bank sektorunda konsolidasiya Fond üçün əlavə risk yarada bilərmi?

Konsolidasiyanın həm müsbət, həm də müəyyən riskləri var. Lakin Fondun əsas riskləri ayrı-ayrı banklardan deyil, ümumi makroiqtisadi vəziyyətdən asılıdır. Hazırda belə risklər müşahidə olunmur, lakin bütün mümkün ssenarilər üzrə təhlillər davam etdirilir.

– Ləğv olunan banklarda kompensasiyaların ödənilməsi prosesi necə təşkil olunur?

Kompensasiyalar artıq Fondun kassaları vasitəsilə deyil, agent banklar üzərindən ödənilir. Bu mexanizm həm təhlükəsizliyi artırır, həm də mümkün sui-istifadə hallarının qarşısını alır. Biz nağdsız ödənişlərə üstünlük veririk ki, vətəndaşlar vəsaitlərini daha rahat idarə edə bilsinlər.

– "Muğanbank" və "Günaybank" üzrə kompensasiyaların ödənilməsi hansı mərhələdədir?

Hazırda hər iki bank üzrə kompensasiyaların təxminən 98 faizi ödənilib. Agent banklar vasitəsilə əmanətçilərə ümumilikdə 200 milyon manata yaxın kompensasiya verilib.

– Kompensasiyaların ödənilməsində hansı rəqəmsal yeniliklər planlaşdırılır?

Məqsədimiz kompensasiyaların daha operativ ödənilməsidir. Bu istiqamətdə "AniPay" platformasına inteqrasiya üzərində işləyirik. Gələcəkdə kompensasiyaların real vaxt rejimində birbaşa vətəndaşların hesabına köçürülməsi mümkün olacaq. Elektron ödəniş sistemləri ilə inteqrasiya prosesi davam edir.

WhatsApp Image 2026-07-27 at 12.52.56 (1).jpeg

– Problemli aktivlərin geri qaytarılmasında əsas çətinliklər nələrdir?

Ən böyük maneələr məhkəmə və icra proseslərinin uzun çəkməsidir. Xüsusilə iri biznes kreditləri üzrə məhkəmə çəkişmələri, girovların qiymətləndirilməsi və ekspertizalar vəsaitlərin geri qaytarılmasını ləngidir. Bu səbəbdən ləğv prosesində olan banklarda aktivlərin idarə olunması daha mürəkkəbdir.

– Elektron Auksion Portalının fəaliyyəti necə qiymətləndirilir?

Portal əsasən dəyəri 1000 manata qədər olan əmlakların satışı üçün yaradılıb. Potensialı böyük olsa da, indiyədək gözlənilən nəticəni verməyib. Artıq bu istiqamətdə struktur islahatları aparılıb, portalın imkanlarının genişləndirilməsi və satışların artırılması üçün işlər görülür.

– Bu istiqamətdə hansı dəyişikliklər planlaşdırılır?

Hesab edirik ki, birbaşa satış üçün müəyyən edilmiş 1000 manatlıq hədd artıq bazar reallıqlarına uyğun deyil. Buna görə də həmin limitin artırılması təklif olunur. Məbləğin, məsələn, 5000 manata qədər yüksəldilməsi portalın aktivliyini və satışların həcmini əhəmiyyətli dərəcədə artıra bilər.

– Gələcəkdə Fondun səlahiyyətlərinin genişləndirilməsi mümkündürmü?

Beynəlxalq təcrübədə əmanətlərin sığortalanması fondlarının bankların sağlamlaşdırılması və rezolyusiya proseslərində iştirak etdiyi modellər mövcuddur. Hazırda Azərbaycan qanunvericiliyində belə səlahiyyət nəzərdə tutulmasa da, gələcəkdə ehtiyac yaranarsa və qanunvericilik buna imkan verərsə, Fondun bu proseslərdə iştirakı mümkündür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əmanətlərin sığortalanması sistemi artıq tam formalaşıb - Azər Əmirov — Fins.az