Dinara Asanbayeva: "Ənənəvi sənətkarlıq müasir iqtisadiyyatın bir hissəsi olmalıdır" MÜSAHİBƏ

Dinara Asanbayeva: "Ənənəvi sənətkarlıq müasir iqtisadiyyatın bir hissəsi olmalıdır" MÜSAHİBƏ

MÜSAHİBƏ
454

1–3 may tarixlərində Bakıda “Beynəlxalq Xalça Festivalı” keçiriləcək. Festival çərçivəsində xalça sənayesinin aparıcı beynəlxalq ekspertləri, dizaynerlər, istehsalçılar, tədqiqatçılar, ixracatçılar və yaradıcı sənaye nümayəndələri bir araya gələcək.

Tədbirin əsas məqsədi xalçaçılığı təkcə mədəni irsin bir hissəsi kimi deyil, həm də iqtisadiyyatın mühüm və strateji sahələrindən biri kimi təqdim etməkdir. Bu yanaşma xalça sənayesinin ənənəvi dəyərindən kənara çıxaraq onun müasir iqtisadi sistemdə yaratdığı əlavə dəyəri və ixrac potensialını ön plana çəkir.

Xalça sektoru ölkə üçün yalnız mədəni simvol deyil, eyni zamanda valyuta gətirən, məşğulluq yaradan və yerli istehsalı stimullaşdıran vacib iqtisadi sahədir. Xüsusilə bu sahənin inkişafı Azərbaycanın strateji prioritetlərindən biri olan qeyri-neft sektorunun genişlənməsinə və ixrac gəlirlərinin artmasına birbaşa töhfə verir.

Festival həm də beynəlxalq əməkdaşlıq üçün platforma rolunu oynayaraq Azərbaycan xalçaçılığının qlobal bazarda daha geniş tanıdılmasına və rəqabət qabiliyyətinin gücləndirilməsinə şərait yaradacaq. Fins.az bu səpkidə Qırğızıstanda 200-dən çox sənətkarı birləşdirən və ənənəvi əl işlərini beynəlxalq bazarlarda tanıdan “Kyrgyz Handmade” şirkətinin icraçı direktoru Dinara Asanbayevadan müsahibə alıb.

Dinara Asanbayevanın mədəniyyətlə əlaqəsi Çin-də təhsil aldığı dövrdə formalaşıb. Bu gün Dinara Qırğızıstan sənətkarlığını müasir dünyaya uyğun şəkildə yenidən təqdim etməyə fokuslanır – onun dərinliyini qorumaqla yanaşı, müasir tələblərə uyğunlaşdırır. Şirkətin transformasiya dövründə onun işi dayanıqlılığı gücləndirmək, keyfiyyəti artırmaq və yeni inkişaf yolları tapmaq üzərində qurulub.

 -Bu festivalı necə dəyərləndirirsiniz və ondan əsas gözləntiniz nədir?
-Mən bu festivalı ənənə ilə müasirliyin qovuşduğu mühüm beynəlxalq platforma kimi görürəm. Bu, təkcə xalçaların nümayişi deyil, həm də mənalar, yanaşmalar və sənayenin gələcək inkişaf istiqamətləri üzrə fikir mübadiləsidir.
Bu tədbirdən əsas gözləntim peşəkar dialoqların genişlənməsi, təcrübə mübadiləsi və sənətkarlıq sahəsində daha güclü beynəlxalq icmanın formalaşmasıdır.

-Ənənəvi sənətkarlığın müasir iqtisadiyyatdakı rolu barədə fikriniz nədir?
Əsas fikir ondan ibarətdir ki, ənənəvi sənətkarlıq müasir iqtisadiyyatın bir hissəsi ola bilər və olmalıdır.
Ənənələri yalnız qorumaq deyil, onları bugünkü bazarın tələblərinə uyğunlaşdırmaq, eyni zamanda orijinallığını və dərinliyini saxlamaq vacibdir. Yalnız bu halda sənətkarlıq qlobal səviyyədə dayanıqlı və dəyərli ola bilər.

-Bu modeldə əsas dəyər nədədir?
-Əsas dəyər bu məhsulları yaradan insanlardır.
Bu model yalnız texnikanın deyil, nəsildən-nəsilə ötürülən biliklərin də qorunmasına imkan verir. Eyni zamanda ustalar öz bölgələrində qalır, gəlir əldə edir və dayanıqlı iqtisadi sistemin bir hissəsinə çevrilirlər. Bu, mədəniyyət və iqtisadiyyatın birlikdə işlədiyi bir ekosistemdir.

-Beynəlxalq əməkdaşlıq bu sahəyə nə qazandırır?
-Beynəlxalq əməkdaşlıq bazarlara, biliklərə və yeni standartlara çıxış imkanı yaradır.
Bu, ustalara üfüqlərini genişləndirməyə, təcrübə mübadiləsi aparmağa və ən yaxşı praktikaları tətbiq etməyə kömək edir, eyni zamanda onların sənətinin unikallığını qoruyur. Şirkətlər üçün isə qlobal müştəri tələblərini anlamağa və məhsul keyfiyyətini artırmağa imkan verir.

-Bu sahədə ən effektiv əməkdaşlıq formatları hansılardır?
-Ən effektiv formatlar praktik yanaşmalardır:
— dizayner və memarlarla birgə layihələr
— brendlərlə əməkdaşlıqlar
— beynəlxalq sərgi və forumlarda iştirak
— təhsil proqramları və təcrübə mübadiləsi
Məhz bu formatlar nəzəri deyil, real dəyər və uzunmüddətli nəticələr yaradır.

- Regional əməkdaşlıq və təcrübə mübadiləsi hansı imkanlar yaradır?
-Ölkələrimizin mədəni əsasları oxşar olsa da, sənətkarlıq sektorunun inkişafında fərqli təcrübələr mövcuddur.
Təcrübə, istehsal yanaşmaları, marketinq və mövqeləndirmə sahəsində mübadilə hər iki tərəfi əhəmiyyətli dərəcədə gücləndirə bilər. Bu həm də beynəlxalq arenada daha güclü regional səs formalaşdırmaq və ortaq mədəni irsimizə marağı artırmaq imkanı yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dinara Asanbayeva: "Ənənəvi sənətkarlıq müasir iqtisadiyyatın bir hissəsi olmalıdır" MÜSAHİBƏ — Fins.az — Fins.az