
Vüsal Qasımlı kibertəhlükəsizlik reytinqində Azərbaycanın yeni mövqeyini açıqlayıb
Fins.az – Azərbaycan kibertəhlükəsizlik sahəsində dünya reytinqində mövqeyini yaxşılaşdıraraq 35-ci yerə yüksəlib.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
V.Qasımlının sözlərinə görə, hazırda kibercinayətkarlıq "Crime as a Service" (xidmət kimi kibercinayət) modeli əsasında inkişaf edir və bu tendensiya ölkələrin informasiya təhlükəsizliyi məsələlərini daha da aktuallaşdırır.
İcraçı direktor qeyd edib ki, Azərbaycan rəqəmsal iqtisadiyyat, süni intellekt və digər istiqamətlər üzrə dünya reytinqlərində hələlik orta mövqedə qərarlaşıb. Onun fikrincə, bu sahələrdə dövlət proqramlarının qəbul edilməsi inkişafın sürətlənməsinə mühüm töhfə verəcək.
V.Qasımlı bildirib ki, informasiya təhlükəsizliyi sahəsində vəziyyət fərqlidir.
"Azərbaycan kibertəhlükəsizlik üzrə dünya reytinqində 35-ci yerə yüksəlib. Bu da ölkənin informasiya təhlükəsizliyi istiqamətində həyata keçirdiyi siyasətin nəticəsidir", – deyə o vurğulayıb.