“SpaceX” və “Google” kosmos texnologiyalarında güclərini birləşdirə bilər

“SpaceX” və “Google” kosmos texnologiyalarında güclərini birləşdirə bilər

IKT
359

Google raket buraxılışları və kosmik data mərkəzlərinin orbitə çıxarılması ilə bağlı SpaceX şirkəti ilə mümkün əməkdaşlıq üzrə danışıqlar aparır.

Fins.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hələ praktikada tətbiq olunmayan texnologiya yay aylarında planlaşdırılan səhmlərin ilkin kütləvi təklifindən (IPO) əvvəl “SpaceX”in investisiya təklifinin əsas istiqamətlərindən birinə çevrilib. Şirkətin rəhbəri Elon Musk bu təşəbbüsü müəssisə üçün “yeni hüdud” kimi qiymətləndirib.

Bildirilir ki, “Google” ötən il “Project Suncatcher” təşəbbüsü çərçivəsində 2027-ci ilə qədər eksperimental peyklər buraxmağı planlaşdırdığını açıqlamışdı. Şirkətin baş direktoru Sundar Pichai qeyd edib ki, məqsəd peyklərə yığcam hesablama modulları yerləşdirmək, onları sınaqdan keçirmək və daha sonra layihənin miqyasını genişləndirməkdir.

WSJ-nin məlumatına əsasən, “Google” paralel olaraq digər raket buraxılışı operatorları ilə də mümkün əməkdaşlıq imkanlarını müzakirə edir.

Ekspertlərin fikrincə, orbital məlumat emalı sistemləri geniş ərazilər və yüksək enerji istehlakı tələb edən yerüstü data mərkəzlərinin məhdudiyyətlərini aradan qaldırmaq üçün perspektivli həll hesab olunur. Kosmik data mərkəzlərinin günəş panelləri vasitəsilə enerji ilə təmin edilməsi nəzərdə tutulur ki, bu da yerüstü infrastrukturun enerji məhdudiyyətlərini azaltmağa imkan verə bilər.

Mümkün razılaşma əldə olunacağı halda, “Google” və “SpaceX” orbital data mərkəzləri sahəsində qüvvələrini birləşdirəcək. Halbuki indiyədək hər iki şirkətin bu istiqamətdə rəqabət aparmağa hazırlaşdığı bildirilirdi.

Nəşr həmçinin xatırladıb ki, “Google” “SpaceX”in ilk investorlarından biridir və şirkətdə 6,1 % paya malikdir. Eyni zamanda, “Google”un icraçı direktoru Don Harrison “SpaceX”in Direktorlar Şurasında təmsil olunur. “SpaceX” məsələ ilə bağlı açıqlama verməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“SpaceX” və “Google” kosmos texnologiyalarında güclərini birləşdirə bilər — Fins.az — Fins.az