
“myGov” platformasında istifadəçi sayı 2,5 milyon nəfərə çatıb – Samir Məmmədov
“myGov” platforması vasitəsilə yüzlərlə rəqəmsal xidmət vətəndaşlara təqdim olunur. Platforma qısa müddətdə böyük istifadəçi auditoriyası qazanıb və cəmi bir il ərzində 1,3 milyon yeni istifadəçi qoşulub. Bu ilin yanvar ayına olan məlumatlara görə, ümumi istifadəçi sayı 2,5 milyona çatıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov bu məlumatları Bakıda Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə keçirilən “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” forumunda açıqlayıb.
Nazir müavini bildirib ki, dövlət xidmətləri artıq “bir sənəd – bir qurum” prinsipi ilə deyil, vətəndaşın həyat hadisələri əsasında təşkil olunur. Məsələn, övladı doğulan vətəndaşın klinika məlumatları sistemə daxil edilir və avtomatik olaraq Ədliyyə Nazirliyinə ötürülür. Vətəndaş övladına adını elektron qaydada verir, müavinət isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşın seçdiyi karta köçürülür. Növbəti mərhələdə şəxsiyyət vəsiqəsinin alınması prosesi də avtomatik həyata keçiriləcək.
S.Məmmədov əlavə edib ki, fəaliyyət planında “yalnız bir dəfə” prinsipi də nəzərdə tutulub: vətəndaş tələb olunan məlumatı bir dəfə təqdim etdikdən sonra digər dövlət qurumları həmin məlumatı bir-birindən əldə edir və əlavə sənəd tələb olunmur. Bu yanaşma dövlət xidmətlərini daha sadə və əlçatan edir və vətəndaşların dövlətə münasibətini müsbət istiqamətdə dəyişir.
Fuad Mədətov
Fins.az