
Azərbaycan sabit və mobil internet sürətində yüksəliş qeydə alıb
2026-cı ilin fevral ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 91,27 Mbps göstərici ilə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 153 ölkə arasında 80-ci yerdə qərarlaşıb. Ötən ay ölkədə sabit genişzolaqlı internetin sürəti bir il əvvəlki göstərici (69,15 Mbps) ilə müqayisədə 32% artıb.
Fins.az "Speedtest Global Index"ə istinadən xəbər verir ki, Azərbaycan sabit genişzolaqlı internet sürətinə görə Türkiyə (77,68 Mbps), İran (23,53 Mbps), Gürcüstan (44,35 Mbps), Ermənistan (82,77 Mbps), Belarus (90,78 Mbps), Qazaxıstan (88,13 Mbps), Qırğızıstan (86,25 Mbps) və Tacikistan (41,85 Mbps) ölkələrini geridə qoyub. Ötən ay sabit genişzolaqlı internet sürətində birinci yeri Sinqapur (420,92 Mbps), sonuncu yeri isə Kuba (3,86 Mbps) tutub.
Mobil internet sürətinə görə isə Azərbaycan 94,95 Mbps göstərici ilə əvvəlki aya nisbətən 2 pillə irəliləyərək 104 ölkə arasında 50-ci yerdə qərarlaşıb. Bu göstəriciyə görə birinci yer Birləşmiş Ərəb Əmirlikləri (681,18 Mbps), sonuncu yer Boliviya (15,71 Mbps) olub.
Bakı şəhərinin sabit genişzolaqlı internet sürəti fevral ayında 91,01 Mbps olub və şəhər 201 şəhər arasında 113-cü pilləyə yüksəlib. Sabit internet üzrə şəhərlərin reytinqində birinci yeri Əbu-Dabi (434,61 Mbps), sonuncu yeri Hələb (2,94 Mbps) tutub.
Paytaxtın mobil internet sürəti 113,56 Mbps olub və 150 şəhər arasında 82-ci pillədə qərarlaşıb. Şəhərlər arasında mobil internet sürətinə görə birinci yer Əbu-Dabi (745,89 Mbps), sonuncu yer isə La Pas (Boliviya) (13,79 Mbps) olub.