
Yotova: Şəhərlər polisentrik meqaregionlara çevrilir - Bolqarıstan Prezidenti
Bolqarıstan Prezidenti İliyana Yotova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çıxış edərək mənzil siyasətinin yalnız sosial və iqtisadi istiqamət kimi deyil, gələcək cəmiyyətlərin formalaşmasını müəyyən edən əsas strategiya kimi nəzərdən keçirilməli olduğunu bildirib.
Fins.az xəbər verir ki, o bu fikirləri WUF13-ün Liderlər Sammitində səsləndirib və mənzil əlçatanlığının həm bazar mexanizmləri, həm də sosial ədalət məsələsi olduğunu vurğulayıb.
Yotova qeyd edib ki, mənzil təminatı insan həyatının əsas başlanğıc nöqtəsidir və bu olmadan sabit iş, təhsil, səhiyyə xidmətlərinə çıxış və cəmiyyətdə tam iştirak mümkün deyil.
Onun sözlərinə görə, dünya hazırda genişmiqyaslı mənzil böhranı ilə üz-üzədir və milyardlarla insan layiqli yaşayış şəraitindən məhrumdur, bir milyarddan çox insan isə qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır.
Bolqarıstan Prezidenti bildirib ki, mövcud tələbatın qarşılanması üçün onilliyin sonunadək hər saniyə yeni mənzillərin inşası zəruridir.
O həmçinin qeyd edib ki, şəhər anlayışı dəyişir və ənənəvi model artıq aktuallığını itirərək yerini polisentrik meqaregionlara verir.
Yotova vurğulayıb ki, müasir dövrdə şəhərlər arasında sərhədlər azalır, infrastruktur, nəqliyyat və əmək bazarları daha inteqrasiya olunmuş sistemə çevrilir.
Dövlət başçısı əlavə edib ki, artan miqrasiya, müharibələr və iqlim dəyişiklikləri şəhərləri insanların təhlükəsizlik və yeni imkanlar axtardığı əsas məkanlardan birinə çevirir.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı ilə Bakıda keçirilir və forum qlobal şəhərsalma problemlərinin müzakirəsi üçün geniş beynəlxalq platforma rolunu oynayır.