
Yeni BMW iM4 kupesinin ilk görüntüləri təqdim olunub
Fins.az - BMW-nin yeni elektrik idman kupesi iM4-ün ehtimal olunan görünüşünü əks etdirən renderlər təqdim edilib.
Model yaxın zamanda nümayiş etdirilən BMW M Concept Neue Klasse konseptindən ilhamlanıb və elektrik sedanı i3-ün ən güclü versiyasının ikiqapılı variantı kimi nəzərdə tutulur.
Bu ilin mart ayında tamamilə yeni BMW i3 sedanı təqdim edilmişdi. O, əvvəlki elektrik 3 Series modelini əvəz edərək ayrıca model xəttinə çevrilib. İki həftə əvvəl isə gələcək iM3 modelinin xəbərçisi olan konsept nümayiş etdirilmişdi.
Gözlənilir ki, iM4 ənənəvi benzin mühərrikli BMW M4 kupesi ilə paralel istehsal olunacaq. Hazırkı M4 modeli ilk dəfə 2020-ci ildə təqdim edilib və 2024-cü ilin əvvəlində yenilənib.