Urbanizasiya və iqlim riskləri şəhərsalmanı dəyişir - Mavrikinin Prezidenti

Urbanizasiya və iqlim riskləri şəhərsalmanı dəyişir - Mavrikinin Prezidenti

DÜNYA
270

Dünyanın mənzil ilə təmin edilməsi, təhlükəsiz, dayanıqlı şəhər və icmaların formalaşdırılması müasir dövrün ən aktual qlobal çağırışları sırasında yer alır.

Fins.az xəbər verir ki, bunu Mavriki Respublikasının Prezidenti Daramber Qoxul Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan Liderlər Sammitində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, WUF13 dayanıqlı şəhər planlaşdırılması və inkişafı üzrə gələcək qlobal gündəliyin formalaşdırılması baxımından mühüm platforma rolunu oynayır.

Onun sözlərinə görə, dünya üzrə şəhərlər sürətlə genişləndiyi üçün mənzil və şəhərsalma siyasətləri dövlət strategiyalarının mərkəzinə çevrilməlidir.

“Biz kiçik ada dövləti olaraq torpaq resurslarının məhdudluğu, dəniz səviyyəsinin qalxması, ekoloji risklər və urbanizasiya təzyiqləri ilə üz-üzəyik. Buna görə də dayanıqlı inkişaf bizim üçün xüsusi əhəmiyyət daşıyır”, – deyə Prezident vurğulayıb.

O qeyd edib ki, Mavriki UN-Habitat və Yeni Şəhər Gündəliyinin prinsiplərinə uyğun olaraq iqtisadi artım, sosial ədalət və ekoloji dayanıqlılıq arasında balansı təmin etməyə yönəlmiş siyasətlər həyata keçirir.

Daramber Qoxul əlavə edib ki, milli inkişaf strategiyası daha dayanıqlı şəhər modelinə keçid üçün əsas çərçivə rolunu oynayır və bu yanaşma torpaqdan səmərəli istifadə, nəqliyyatın inkişafı və iqlimə davamlılığın gücləndirilməsini nəzərdə tutur.

O, çıxışında Azərbaycanın şəhərsalma təcrübəsinə də toxunaraq Ağ Şəhər layihəsi və Qarabağda, o cümlədən Ağdam şəhərinin baş planı kimi təşəbbüsləri xüsusi qeyd edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2006-cı ildə qəbul edilən ekoloji tədbirlər üzrə sərəncamın icrasının mühüm addım olduğunu bildirən Prezident bu siyasətin dayanıqlı şəhər inkişafına töhfə verdiyini vurğulayıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Urbanizasiya və iqlim riskləri şəhərsalmanı dəyişir - Mavrikinin Prezidenti — Fins.az — Fins.az