
Türkiyə ilk atom elektrik stansiyasının işə düşməsinə hazırlaşır
Fins.az - Türkiyə atom energetikası sahəsində mühüm mərhələyə yaxınlaşır. “Rosatom” dövlət korporasiyası ölkədə inşa olunan “Akkuyu” Atom Elektrik Stansiyasının ilk enerji blokunu 2026-cı ilin sonunda milli elektrik şəbəkəsinə qoşmağı planlaşdırır.
Bu addım Türkiyənin ilk atom elektrik stansiyasının istismara verilməsi prosesində əsas mərhələnin tamamlanması demək olacaq. Layihənin həyata keçirilməsi çərçivəsində həm Türkiyə, həm də Rusiya tənzimləyici qurumlarının nəzarəti altında bütün texniki və təhlükəsizlik prosedurlarının yerinə yetirilməsi tələb olunur.
Mütəxəssislərin fikrincə, layihə ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və elektrik enerjisi istehsalının şaxələndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edilir ki, bu iri enerji layihəsi hər iki ölkənin rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılır və strateji əməkdaşlığın vacib istiqamətlərindən biri hesab olunur.