Şəhərlərin yenidən qurulmasında mədəni irs və identiklik qorunmalıdır - Ədib Benbrahim

Şəhərlərin yenidən qurulmasında mədəni irs və identiklik qorunmalıdır - Ədib Benbrahim

DÜNYA
245

Mədəni irsin qorunması şəhərlərin yenidən qurulması və urban inkişaf layihələrinin əsas tərkib hissələrindən biri olmalıdır.

Fins.az xəbər verir ki, bunu Mərakeş Krallığının Mənzil Məsələləri üzrə Milli Ərazi, Şəhərsalma, Mənzil və Şəhər Siyasəti Nazirinin Dövlət Katibi Ədib Benbrahim Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində təşkil olunan “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər yenilənməsi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, həm mədəni, həm də iqtisadi layihələr hazırlanarkən mədəni irs amili mütləq nəzərə alınmalıdır.

“Mədəni irs bir dəyərdir və həm mədəni, həm də iqtisadi layihələrdə bu mütləq nəzərə alınmalıdır. Şəhərlərin yenidən qurulması prosesində onun öz siması, xarakteri və identikliyi qorunmalıdır”, – deyə Ədib Benbrahim vurğulayıb.

Nazir müavini qeyd edib ki, şəhərsalma layihələri sosial rifahın və məşğulluğun gücləndirilməsinə də xidmət etməlidir.

“Şəhərin və məhəllənin identikliyi mütləq şəkildə qorunmalıdır. Bina sökülüb yenidən tikilirsə, bu proses də diqqətlə planlaşdırılmalı, tarixi və sosial dəyər mütləq nəzərə alınmalıdır”, – deyə o bildirib.

Ədib Benbrahim əlavə edib ki, bəzi hallarda insanların yaşadıqları ərazilərdən köçürülməsi qaçılmaz olsa da, bu proses həm sosial, həm də iqtisadi baxımdan ciddi çətinliklər yaradır.

“Bəzən insanların yaşadığı ərazilərdən köçürülməsi zəruri olur, lakin bu, həm sosial, həm də iqtisadi baxımdan çox ağır və baha başa gələn bir prosesdir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Mərakeşdə şəhər regenerasiyası və binaların bərpası istiqamətində artıq 92 planlama layihəsi həyata keçirilib.

“Şəhər regenerasiyası sadəcə şəhərin yenilənməsi demək deyil. Bu, köhnə məhəllələrin bərpası, şəhərin tarixiliyinin qorunması və müasir tələblərlə uyğunlaşdırılması deməkdir. Binalar yenilənərkən onların tarixi əhəmiyyəti və mədəni dəyəri mütləq nəzərə alınmalıdır”, – deyə Ədib Benbrahim bildirib.

Qeyd edək ki, Bakıda keçirilən WUF13 çərçivəsində urbanizasiya, mədəni irsin qorunması, inklüziv şəhər inkişafı və dayanıqlı idarəetmə ilə bağlı çoxsaylı tədbirlər təşkil olunur. Forumda 182 ölkədən 40 mindən çox iştirakçı iştirak edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...