
Şəhərlərin dayanıqlılığı üçün texnologiya və idarəetmə birgə olmalıdır - Avramopulos
Dayanıqlılığın təmin olunması əvvəlcədən proqnozlaşdırma və düzgün planlaşdırma ilə birbaşa bağlıdır və bu prosesdə erkən xəbərdarlıq sistemləri yalnız texnoloji həll kimi deyil, eyni zamanda idarəetmə mexanizmi kimi də mühüm rol oynayır.
Fins.az xəbər verir ki, bu barədə 2014–2019-cu illərdə Avropa Komissiyasının Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq məsələləri üzrə komissarı olmuş Dimitris Avramopulos Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda tədbirdə çıxış edib.
Onun sözlərinə görə, texnologiya təkbaşına kifayət etmir və bu sahədə siyasi iradə ilə yanaşı, insan yönümlü idarəetmə yanaşması da həlledici əhəmiyyət daşıyır.
Dimitris Avramopulos bildirib ki, dünya əhalisinin artıq təxminən yarısı şəhərlərdə yaşayır və urbanizasiya prosesi davam etdikcə şəhərlər qlobal çağırışların əsas mərkəzinə çevrilir.
O qeyd edib ki, iqlim dəyişikliyi nəticəsində yanğınlar, daşqınlar və istilik dalğaları kimi hadisələr artıq nəzəri risk deyil, şəhər həyatının reallığına çevrilib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi təkcə ekoloji məsələ deyil, həm də sosial və iqtisadi təsirləri olan kompleks problemdir və xüsusilə həssas qruplar – zəif mənzil şəraitində yaşayan insanlar, uşaqlar, yaşlılar və məcburi köçkünlər daha çox risk altındadır.
Keçmiş komissar vurğulayıb ki, erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlılığı birgə şəkildə qiymətləndirilməli, şəhər siyasətlərində infrastrukturun gücləndirilməsi və təbiətlə balansın qorunması əsas istiqamətlərdən biri olmalıdır.
O, “yaşıl dəhlizlər”, dayanıqlı su sistemləri və karbon emissiyalarının azaldılmasının vacibliyini qeyd edib, həmçinin elmi əsaslı siyasət və beynəlxalq əməkdaşlığın gücləndirilməsini zəruri sayıb.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Forum şəhərsalma və mənzil siyasəti sahəsində qlobal əməkdaşlıq və həll yollarının müzakirəsi üçün əsas platformalardan biri kimi çıxış edir.