
Şəhərlər qlobal çağırışların mərkəzində dayanır - İrakli Kobaxidze
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası təcrübə mübadiləsi və daha təhlükəsiz, inklüziv icmaların formalaşdırılması üçün ortaq baxışın inkişaf etdirilməsində mühüm platforma rolunu oynayır.
Fins.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda keçirilən WUF13 çərçivəsində Liderlər Sammitində çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu gün şəhərlər iqlim dayanıqlılığı, mənzil təhlükəsizliyi, dayanıqlı inkişaf və sosial həmrəylik kimi qlobal çağırışların mərkəzində dayanır.
Kobaxidze vurğulayıb ki, şəhərlərin planlaşdırılması, inkişafı və qorunması gələcək nəsillər üçün cəmiyyətlərin sabitliyi və rifahını müəyyən edən əsas amillərdəndir.
Onun sözlərinə görə, son illərdə Gürcüstanda müşahidə edilən iqtisadi artım fonunda balanslaşdırılmış regional inkişaf və müasir şəhərsalma ölkənin əsas prioritetlərindən birinə çevrilib.
Baş nazir bildirib ki, məqsəd yalnız infrastrukturun genişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması deyil, həm də inkişafın dayanıqlı və regionlar arasında balanslı şəkildə həyata keçirilməsidir.
İrakli Kobaxidze əlavə edib ki, beynəlxalq tərəfdaşların dəstəyi ilə Gürcüstan milli məkan inkişafı konsepsiyasını irəli aparır və bu sənəd ölkənin şəhərsalma və mənzil siyasətinin əsasını təşkil edir.
Onun sözlərinə görə, bu konsepsiya bütün regionlarda balanslaşdırılmış və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edir.
Baş nazir həmçinin bildirib ki, həyata keçirilən islahatların səmərəliliyini artırmaq üçün mərkəzi hökumət sistemində xüsusi ixtisaslaşmış agentlik vasitəsilə institusional koordinasiya gücləndirilib.
O qeyd edib ki, bu mexanizm uzunmüddətli planlaşdırmanı dəstəkləyir və şəhər transformasiyasının strateji baxış, davamlılıq və effektiv idarəetmə əsasında həyata keçirilməsinə imkan yaradır.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək Bakı şəhərində, UN-Habitat və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində keçirilir.