
Şəhər yenilənməsi sosial, mədəni və iqtisadi balans tələb edir - İnti Munoz
Fins.az - Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər yenilənməsi” adlı tədbirdə çıxış edən Mexiko şəhərinin Mənzil naziri İnti Munoz bildirib ki, tarixi şəhərlər yaşayan yaddaşdır və şəhərlərin yenilənməsi zamanı bu tarixi ruh mütləq şəkildə qorunmalıdır.
O qeyd edib ki, turizm məqsədli mədəni layihələrin inkişafına məhdudiyyət qoymaq doğru deyil, lakin şəhərsalma elə aparılmalıdır ki, tarixi məhəllələr dayanıqlı şəkildə qorunsun. Nazir vurğulayıb ki, şəhərin mübadilə dəyəri, insanların yaşayış forması və şəhərin qorunma mexanizmləri kompleks şəkildə nəzərə alınmalıdır.
Onun sözlərinə görə, şəhərsalma proseslərində yerli icmaların iştirakı və ictimai razılığın əldə olunması əsas şərtdir. O əlavə edib ki, şəhər regenerasiyası sosial, mədəni və iqtisadi baxımdan balanslı şəkildə aparılmalıdır.
Nazirin fikrincə, bu yanaşma həm istənilməyən sosial nəticələrin qarşısını alır, həm də şəhərlərin iqtisadi dayanıqlığını gücləndirir.
Qeyd edək ki, WUF13 mayın 22-dək Bakıda davam edir və forum çərçivəsində 182 ölkədən 40 mindən artıq iştirakçı şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf mövzularını müzakirə edir.