
Rusiyada dağ regionlarının inkişafı üçün investorlara güzəştlər tətbiq olunur - WUF13
Dağlıq ərazilərdə mövcud olan mürəkkəb sosial-iqtisadi problemlərin həlli üçün dövlət və bələdiyyə idarəetməsində xüsusi yanaşmaların və ayrıca mexanizmlərin formalaşdırılması vacib hesab olunur.
Fins.az xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Aqrar Məsələlər Komitəsinin üzvü Aleksey Lavrinenko WUF13 çərçivəsində keçirilən “Dağ yaşayış məntəqələrinin dayanıqlı inkişafı” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, Rusiyada hazırda federal səviyyədə dağlıq ərazilərlə bağlı ayrıca qanunun qəbul edilməsi məsələsi müzakirə olunur.
Aleksey Lavrinenkonun sözlərinə görə, müvafiq qanunvericilik təşəbbüsü Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanır.
Deputat qeyd edib ki, hazırda dağlıq ərazilərin iqtisadi və regional inkişafını stimullaşdırmaq üçün müəyyən hüquqi mexanizmlər tətbiq edilir. Bu çərçivədə investorlar və sahibkarlar üçün xüsusi güzəştlərin nəzərdə tutulduğu müxtəlif iqtisadi zonaların yaradılmasına icazə verilir.
Komitə üzvü vurğulayıb ki, Rusiyada regionların sosial-iqtisadi inkişaf problemlərinin həlli dövlət strateji idarəetməsinin əsas istiqamətlərindən biri hesab olunur. Bununla belə, federal səviyyədə dağlıq ərazilər ayrıca milli idarəetmə obyekti kimi müəyyən edilməyib.
Onun sözlərinə görə, bu səbəbdən dağ regionlarının inkişafı digər yaşayış məntəqələri üçün tətbiq olunan ümumi idarəetmə mexanizmləri vasitəsilə həyata keçirilir.
Aleksey Lavrinenko əlavə edib ki, Rusiyanın 2035-ci ilədək məkan inkişafı strategiyasında dağlıq ərazilər sosial dövlətin ayrıca dəstək obyekti kimi xüsusi şəkildə qeyd olunmur.
O bildirib ki, regional sənədlərin təhlili Rusiya regionlarının oxşar problemlərlə üzləşdiyini göstərir.
Deputatın sözlərinə görə, əsas problemlərdən biri dağlıq ərazilərdə əhalinin az məskunlaşması və qeyri-bərabər paylanmasıdır. Eyni zamanda, dağ regionlarından daha sıx məskunlaşmış ərazilərə miqrasiya prosesi davam edir.
Qeyd edək ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) urbanizasiya, regional inkişaf, iqlim dayanıqlılığı və dayanıqlı yaşayış məntəqələrinin formalaşdırılması məsələlərinə həsr olunub.
182 ölkədən 40 mindən artıq iştirakçının qatıldığı forum mayın 22-dək davam edəcək. Tədbir çərçivəsində şəhərsalma, mənzil siyasəti, yaşıl urbanizasiya, rəqəmsal idarəetmə və sosial inklüzivlik mövzularında geniş müzakirələr aparılır.