
Premyer Liqa: “Neftçi” – “Qarabağ”, “Kəpəz” – “Şamaxı” oyunları keçiriləcək
Fins.az - Bu gün Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu keçiriləcək.
Günün ilk qarşılaşması Şamaxı şəhər stadionunda baş tutacaq. Burada “Şamaxı” komandası “Kəpəz”i qəbul edəcək. Oyun saat 16:00-da start götürəcək. Turnir cədvəlində “Şamaxı” 32 xalla 8-ci, “Kəpəz” isə 21 xalla 10-cu pillədə qərarlaşıb.
Günün mərkəzi oyunu isə Bakıdakı “Palms Sports Arena”da keçiriləcək. “Neftçi” öz meydanında “Qarabağ”la üz-üzə gələcək. Görüş saat 19:00-da başlayacaq. Hazırda “Qarabağ” 56 xalla 2-ci, “Neftçi” isə 44 xalla 5-ci yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “İmişli”ni 2:0 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” və “Qəbələ” qarşılaşması isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.