
Peyk şəhər layihələri struktur problemləri həll etmir - Professor Piterse
“African Centre for Cities” (ACC) təşkilatının təsisçisi, professor Edqar Piterse bildirib ki, mövcud şəhərlərin struktur problemlərini həll etmədən yeni peyk aqlomerasiyalarının yaradılması yolu ilə şəhərləri süni şəkildə “yenidən layihələndirmək” cəhdləri şəhərsalma siyasətində yanlış yanaşmadır.
Fins.az xəbər verir ki, o bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “İqlim və mənzil sektoru arasında qarşılıqlı əlaqə” mövzusunda panel sessiyada səsləndirib.
Onun sözlərinə görə, şəhər inkişafı məsələlərinə ümumi və mücərrəd yanaşmaq çətindir, çünki müxtəlif şəhər kontekstlərində problemlər fərqli şəkildə özünü göstərir.
Edqar Piterse qeyd edib ki, əlçatan, iqlimə davamlı və enerji səmərəli mənzil prinsipləri ilə bağlı ümumi razılıq mövcud olsa da, bu məqsədlərlə onların praktik icrası arasında ciddi uçurum qalmaqdadır.
Professor vurğulayıb ki, tikinti sektorunda banklar, tikinti şirkətləri, mühəndislər və podratçılar da daxil olmaqla çoxsaylı tərəflər fəaliyyət göstərir, lakin onların heç biri transformasiya risklərini tam şəkildə üzərinə götürməyə hazır deyil.
African Centre for Cities təmsilçisi əlavə edib ki, bu vəziyyət şəhərsalma sahəsində struktur islahatların və sistemli yanaşmanın vacibliyini daha da önə çıxarır.
Bakıda keçirilən WUF13 çərçivəsində urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı və mənzil siyasəti üzrə müzakirələr davam edir. Forumun dördüncü günündə “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlər oyun meydanı kimi” və digər mövzularda sessiyalar təşkil olunub.
Üçüncü gün çərçivəsində Şuşa və Trabzon şəhərləri arasında şəhərsalma, mədəniyyət və turizm sahələrində əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb.
Qeyd edək ki, WUF13 mayın 22-dək davam edir və 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir.