İnkişaf etməkdə olan ölkələrdə mənzil maliyyələşməsi zəifdir - Musadik Məsud Malik

İnkişaf etməkdə olan ölkələrdə mənzil maliyyələşməsi zəifdir - Musadik Məsud Malik

DÜNYA
310

Aztəminatlı əhali təbəqələri üçün mənzil böhranının aradan qaldırılması kapitalın dəyərinin aşağı salınması, dayanıqlı maliyyə alətlərinin yaradılması və əlçatan mənzil mexanizmlərinin formalaşdırılması olmadan mümkün deyil.

Fins.az xəbər verir ki, bu fikirləri Pakistanın iqlim dəyişikliyi və ətraf mühit sahəsində koordinasiya üzrə federal naziri Musadik Məsud Malik Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim və mənzil sektoru arasında qarşılıqlı əlaqə” mövzusunda panel sessiyada səsləndirib.

Nazir bildirib ki, mənzil tikintisi ilə bağlı müzakirələr zamanı dəyər və əlçatanlıq zəncirinin bütün komponentləri nəzərə alınmalıdır. Onun sözlərinə görə, hazırkı sistem aztəminatlı əhali qrupları üçün tam effektiv şəkildə işləmir.

Musadik Məsud Malik qeyd edib ki, əsas problemlərdən biri kapitalın yüksək dəyəridir və bu faktor əlçatan mənzil layihələrinin həyata keçirilməsini ciddi şəkildə məhdudlaşdırır.

Onun sözlərinə görə, milyonlarla insan adekvat yaşayış şəraitindən məhrum olduğu halda kapitalın dəyərinə daha sosial və inklüziv yanaşma tətbiq edilməlidir.

Pakistanlı nazir vurğulayıb ki, maliyyə resurslarının mövcudluğu belə problemi tam həll etmir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə aztəminatlı əhali üçün dayanıqlı mənzil maliyyələşdirmə mexanizmlərinin zəif olması əsas çətinliklərdən biri olaraq qalır.

O qeyd edib ki, uzunmüddətli və əlçatan maliyyələşdirmə sistemlərinin qurulması mənzil sektorunda sosial balansın təmin edilməsi baxımından vacibdir.

Qeyd edək ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunub.

Forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir və 182 ölkədən 40 mindən artıq iştirakçını bir araya gətirir. Tədbir mayın 22-dək davam edəcək.

WUF13 çərçivəsində qlobal mənzil böhranı, iqlim dayanıqlılığı, yaşıl urbanizasiya, dayanıqlı nəqliyyat, rəqəmsal texnologiyalar və sosial inklüzivlik kimi mövzular ətrafında yüksək səviyyəli müzakirələr aparılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İnkişaf etməkdə olan ölkələrdə mənzil maliyyələşməsi zəifdir - Musadik Məsud Malik — Fins.az — Fins.az