
Hibrid Lotus Eletre X Avropa bazarında təqdim olunub
Fins.az - Lotus şirkəti Avropa bazarında yeni plug-in hibrid krossoveri Lotus Eletre X modelini təqdim edib. Çində bu model Lotus For Me adı ilə tanınır.
Yeni avtomobil üçün sifarişlərin qəbulu artıq Avropanın bir sıra ölkələrində başlayıb. Müştərilərə ilk avtomobillərin çatdırılmasının bu ilin dördüncü rübündə həyata keçirilməsi planlaşdırılır.
Model ilk dəfə 2022-ci ildən istehsal olunan tam elektrikli Eletre krossoveri əsasında hazırlanıb. Lotus-un sahibi olan Geely holdinqinin texnoloji imkanları sayəsində hibrid versiya qısa müddətdə hazırlanıb.
Şirkət 2024-cü ildə yalnız elektromobillərə əsaslanan inkişaf strategiyasından imtina edərək hibrid modellərə də üstünlük verməyə başlayıb. Bu qərar 2023-cü ildən etibarən qlobal elektromobil bazarında tələbin zəifləməsi ilə əlaqələndirilir.