“Forbes”: Gürcüstanın ən varlı şəxsi 6 milyard dollarlıq sərvətlə liderdir

“Forbes”: Gürcüstanın ən varlı şəxsi 6 milyard dollarlıq sərvətlə liderdir

DÜNYA
202

Fins.az - “Forbes” nəşrinə istinadən bildirilir ki, 2026-cı il üçün açıqlanan milyarderlər reytinqində Gürcüstan vətəndaşları arasında ən varlı şəxs yenə də “Kaspi.kz”nin təsisçisi və rəhbəri Mixael Lomtadze olub.

Məlumata görə, Batumi şəhərində doğulan və 2007-ci ildən etibarən Qazaxıstanda yaşayan Mixael Lomtadzenin sərvəti 6 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. Qeyd olunur ki, son bir ildə onun sərvəti təxminən 100 milyon dollar artıb və bu göstərici ilə o, dünyanın ən varlı insanları siyahısında 680-ci yerdə qərarlaşıb.

Bildirilib ki, hakim “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili isə 2,7 milyard dollarlıq sərvətlə 1543-cü pillədə yer alıb. “Forbes”ın məlumatına əsasən, onun sərvəti son bir ildə dəyişməyib. Eyni zamanda vurğulanır ki, daha əvvəl – 2025-ci ilə qədər onun sərvəti 4,9 milyard dollar olaraq qiymətləndirilsə də, aktivlərin şəffaflığının azalması səbəbindən bu rəqəm yenidən nəzərdən keçirilib və hazırkı qiymətləndirməyə ailə əmlakı da daxil edilib.

Qeyd edilir ki, Bidzina İvanişvili ilk dəfə 2024-cü ildə ən varlı gürcü titulunu Mixael Lomtadzeyə uduzub və həmin vaxtdan bəri bu vəziyyət dəyişməyib.

Məlumata görə, Mixael Lomtadzenin əsas kapital mənbəyi Qazaxıstanın fintex holdinqi “Kaspi.kz”dir. O, bu şirkətdə səhmdar, idarə heyətinin sədri və direktorlar şurasının üzvü kimi fəaliyyət göstərir. Şirkətin rəqəmsal bankçılıq, ödəniş platforması, mobil maliyyə xidmətləri, kredit və depozit məhsulları, eləcə də elektron ticarət üzrə marketpleys xidmətlərini birləşdirdiyi bildirilir.

Eyni zamanda qeyd olunur ki, Lomtadzenin aparıcı Azərbaycan elan saytları olan “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az” platformalarını nə vaxt satın aldığı məlum deyil. Bununla yanaşı, həmin saytların sahibi olan “DIGITAL CLASSIFIEDS” MMC-nin 16 avqust 2021-ci ildə dövlət reyestrində qeydiyyata alındığı, nizamnamə kapitalının 50 min manat olduğu və hüquqi ünvanının Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75 ünvanında yerləşdiyi bildirilir. Şirkətin qanuni nümayəndəsinin isə Gürcüstan vətəndaşı Mamuka Krivalidze olduğu qeyd edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Forbes”: Gürcüstanın ən varlı şəxsi 6 milyard dollarlıq sərvətlə liderdir — Fins.az — Fins.az