
Dünyada hər ay Nyu-York böyüklüyündə yeni şəhər tikilir – UNIDO rəsmisi
Binalar, sənaye və iqlim arasında birbaşa və güclü əlaqə mövcuddur və bu əlaqə müasir şəhərsalma və karbonsuzlaşdırma siyasətlərinin əsas istiqamətlərindən birini təşkil edir.
Fins.az xəbər verir ki, bunu Rikardo Savilyano Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində “Şəhər, sənaye və iqlim kəsişməsində mənzil və binaların karbonsuzlaşdırılması” mövzusunda sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, insanlıq tərəfindən ən çox istifadə edilən resurs sudur, ikinci ən geniş istifadə olunan material isə betondur. Bu isə şəhər inkişafının tikinti materialları və sənaye istehsalı ilə birbaşa bağlı olduğunu göstərir.
Savilyano qeyd edib ki, dünyada hər ay təxminən Nyu-York şəhəri böyüklüyündə yeni şəhər inşa olunur və bu tendensiyanın 2050-ci ilə qədər davam edəcəyi gözlənilir. Onun sözlərinə görə, şəhər artımını təmin etmək üçün tələb olunan infrastrukturun təxminən 70 faizi hələ də mövcud deyil.
UNIDO rəsmisi bildirib ki, bu vəziyyət şəhərsalma və sənaye inkişafında daha dayanıqlı və karbonsuz yanaşmaların tətbiqini zəruri edir. O vurğulayıb ki, şəhərlərin gələcəyi yalnız planlaşdırma deyil, həm də resursların səmərəli istifadəsi və emissiyaların azaldılması ilə müəyyən ediləcək.
Qeyd edək ki, World Urban Forum 13 çərçivəsində keçirilən müzakirələrdə şəhərsalma, iqlim dayanıqlılığı, mənzil böhranı və yaşıl urbanizasiya kimi mövzular əsas gündəmdə yer alır.