
Dünya üzrə ailələrin 44 faizi gəlirinin 30 faizindən çoxunu mənzilə xərcləyir - UN-Habitat hesabatı
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən “Dünya şəhərlərinin vəziyyətinə dair 2026-cı il hesabatı” (“World Cities Report 2026: Qlobal mənzil böhranı – fəaliyyətə aparan yollar”) təqdim olunub.
Fins.az xəbər verir ki, hesabatda qlobal mənzil böhranı, sürətli urbanizasiya, əlçatan mənzil təminatı və şəhər infrastrukturuna dair əsas çağırışlar və həll istiqamətləri əksini tapıb.
BMT-nin hesabatına əsasən, dünya əhalisinin təxminən 40 faizi, yəni 3 milyard insan münasib qiymətli mənzil çatışmazlığı, aşağı keyfiyyətli yaşayış şəraiti, eləcə də su və sanitariya xidmətlərinə məhdud çıxış problemləri ilə üzləşir.
Sənəddə qeyd olunur ki, 2050-ci ilə qədər şəhərlərin əlavə 2 milyard sakini qəbul edəcəyi gözlənilir. Bu isə urbanizasiya prosesinin sürətlənməsi, torpaq qiymətlərinin artması, sosial bərabərsizliyin dərinləşməsi və iqlim dəyişikliklərinin təsiri fonunda mənzil sistemlərinə əlavə təzyiq yaradacaq.
Hesabata görə, 2040-cı ilə qədər iqlim riskləri səbəbindən 167 milyon yaşayış evi yararsız hala düşə bilər. Qeyd olunur ki, təkcə 2023-cü ildə təbii fəlakətlər nəticəsində dünya üzrə 280 milyard ABŞ dolları həcmində zərər qeydə alınıb və itkilərin böyük hissəsi sığortalanmayıb.
UN-Habitat-ın məlumatına əsasən, 2024-cü ilin sonuna olan statistik göstəricilərə görə, dünyada məcburi köçkünlərin sayı 123,2 milyona çatıb ki, bu da əvvəlki onilliklə müqayisədə iki dəfə çoxdur.
Sənəddə vurğulanır ki, son 20 ildə əlavə 64 milyon insan qeyri-rəsmi yaşayış məntəqələrindən köçkün düşüb. Məcburi köçkünlərin əksəriyyəti şəhərlərə və qaçqın düşərgələrinə üz tutaraq aşağı standartlı və təhlükəli yaşayış şəraitində məskunlaşmaq məcburiyyətində qalır.
Hesabatda qeyd edilir ki, inkişaf etməkdə olan ölkələrdə qeyri-rəsmi yaşayış sahələri ümumi yaşayış tikintisinin təxminən 80 faizini təşkil edir.
Araşdırmalara əsasən, əlçatan və münasib mənzillərin çatışmazlığı son on ildən bir qədər artıq müddətdə 30 faiz artaraq 268 milyon vahidi keçib. Hazırda 1,1 milyard insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır.
Sənəddə mənzil qiymətlərinin gəlirlərlə müqayisədə daha sürətlə artdığı da vurğulanır. Belə ki, qlobal qiymət-gəlir nisbəti 2010-cu ildəki 9,3 göstəricisindən 2023-cü ildə 11,2-yə yüksəlib. Mərkəzi və Cənubi Asiyada isə bu göstərici 16,8-ə çatıb.
Hesabata görə, 2023-cü ildə dünya üzrə mənzil krediti üçün müraciət edənlərin yalnız 25,5 faizi kredit əldə edə bilib. Sub-Sahara Afrikasının bəzi bölgələrində isə bu göstərici cəmi 1 faiz təşkil edib.
UN-Habitat bildirir ki, dünya üzrə ailələrin 44 faizi gəlirlərinin 30 faizindən çoxunu mənzil xərclərinə sərf edir. Kirayə mənzillərin əlçatmazlığı xüsusilə Sub-Sahara Afrikasında daha qabarıq hiss olunur və burada kirayəçilərin 55 faizi ciddi maliyyə yükü altında yaşayır.
Hesabatda milli və regional səviyyədə daxili maliyyə mexanizmlərinin genişləndirilməsi, subsidiya siyasətinin daha effektiv qurulması və sosial mənzil proqramlarına dövlət investisiyalarının artırılması tövsiyə edilir.
Sənəddə həmçinin əlçatan mənzil seqmentində özəl sektor investisiyalarının stimullaşdırılmasının vacibliyi vurğulanır.
UN-Habitat icraçı direktoru Anaklaudia Rossbax bildirib ki, münasib və əlçatan mənzil təminatı üçün hökumətlər, özəl sektor və icmalar arasında yeni sosial müqavilənin formalaşdırılmasına ehtiyac var.
Onun sözlərinə görə, investisiyaların cəlb olunması və mənzil təminatının sosial-iqtisadi funksiyalarının uzlaşdırılması üçün müştərək məsuliyyət yanaşması əsas prioritetlərdən biri olmalıdır.
Qeyd edək ki, hesabatın təqdimatı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutub. Forum mayın 17-dən 22-dək davam edir və şəhərsalma, urbanizasiya, mənzil siyasəti və dayanıqlı inkişaf məsələləri üzrə qlobal müzakirə platforması rolunu oynayır.