
Dayanıqlı inkişaf kənd və şəhər fərqlərini azaltmalıdır - Gürcüstanın Baş naziri
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çıxış edərək ölkəsinin şəhərsalma və mənzil siyasətinin mərkəzində insanların rifahının dayandığını bildirib.
Fins.az xəbər verir ki, o bu fikirləri WUF13-ün Liderlər Sammitində səsləndirib və Gürcüstanın uzun illərdir müharibə və işğalın humanitar nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyət göstərdiyini qeyd edib.
Baş nazir bildirib ki, ölkədə məcburi köçkünlərin mənzil və sosial təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir və yeni yaşayış məntəqələrinin salınması davam etdirilir.
Onun sözlərinə görə, məqsəd zərərçəkmiş ailələr üçün ləyaqətli yaşayış şəraitinin yaradılması və sosial inklüzivliyin təmin edilməsidir.
İrakli Kobaxidze qeyd edib ki, Gürcüstanın mənzil siyasəti gənc ailələr, ekoloji miqrantlar və dağlıq ərazilərdə yaşayan əhali qruplarının dəstəklənməsinə də yönəlib.
O vurğulayıb ki, hədəfli dövlət proqramları və innovativ maliyyə mexanizmləri vasitəsilə mənzil əlçatanlığının artırılması və regionlar arasında bərabər inkişafın təmin edilməsi əsas prioritetlərdəndir.
Baş nazir əlavə edib ki, şəhərsalma siyasəti ənənəvi gürcü memarlıq irsinin qorunması prinsipi üzərində qurulub və modernləşmə tarixi dəyərlər hesabına baş verməməlidir.
Onun sözlərinə görə, şəhərlər yalnız infrastruktur deyil, həm də milli kimliyin ifadəsidir və müasir şəhərsalma bu kimliyi qorumaqla inkişaf etməlidir.
Kobaxidze bildirib ki, kənd və şəhər arasındakı fərqlərin azaldılması dayanıqlı inkişaf siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı ilə Bakıda keçirilir və forum qlobal şəhərsalma və mənzil siyasəti üzrə beynəlxalq dialoq platforması rolunu oynayır.