
Belarus rəsmisi WUF13-də: Tikintidə karbon izi və RDF texnologiyaları prioritet olacaq
Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çıxış edərək yaxın illərdə tikinti sektorunda prioritet istiqamətlərin müəyyənləşdirildiyini bildirib.
Fins.az xəbər verir ki, o bu fikirləri WUF13-ün Liderlər Sammitində səsləndirib və fərdi yaşayış evlərinin tikintisinin həm rahatlıq, həm də əlçatanlıq baxımından əsas istiqamətlərdən biri olacağını vurğulayıb.
Sergeyenko qeyd edib ki, yeni dövrdə tikinti layihələrinin karbon izinin qiymətləndirilməsi ön plana çıxacaq və bu sahədə RDF texnologiyalarından istifadə nəzərdə tutulur.
Onun sözlərinə görə, Yeni Şəhər Gündəliyinin icrasının 10 illiyinə təsadüf edən bu dövr əldə olunan nailiyyətlərin möhkəmləndirilməsi və yeni prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm mərhələdir.
Belarus rəsmisi bildirib ki, ölkəsi açıq dialoqa və beynəlxalq əməkdaşlığa hazırdır və şəhərsalma sahəsində müasir çağırışların həlli üçün tərəfdaşlarla birgə işləməyə sadiqdir.
O əlavə edib ki, yalnız birgə səylər və inklüziv yanaşma nəticəsində yüksək həyat keyfiyyətinə malik dayanıqlı şəhərlər qurmaq mümkündür.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı ilə Bakıda keçirilir və forum qlobal şəhərsalma və dayanıqlı inkişaf sahəsində mühüm müzakirə platforması rolunu oynayır.