Bakı gələcəyin şəhərlərini formalaşdırmaq üçün imkan yaradır - Keniya Prezidenti

Bakı gələcəyin şəhərlərini formalaşdırmaq üçün imkan yaradır - Keniya Prezidenti

DÜNYA
278

2050-ci ilə qədər dünya əhalisinin 25 faizinin Afrika qitəsində yaşayacağı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində çıxışı zamanı danışıb.

Keniya Prezidenti bildirib ki, mənzil məsələsinin ən vacib və təcili olduğu regionlardan biri məhz Afrika qitəsidir. Onun sözlərinə görə, gələcəkdə dünya əhalisinin dörddə biri burada yaşayacaq və həmin əhalinin 70 faizi şəhər mərkəzlərində məskunlaşacaq.

Uillyam Ruto qeyd edib ki, bu səbəbdən mənzil təminatı gələcəyin şəhərlərinin formalaşmasında əsas istiqamətlərdən birinə çevrilir və WUF13 çərçivəsində keçirilən müzakirələr xüsusi əhəmiyyət daşıyır.

Prezident çıxışında beynəlxalq maliyyə sistemində mövcud bərabərsizliklərə də diqqət çəkib. O bildirib ki, güzəştli maliyyəyə ən çox ehtiyacı olan ölkələr beynəlxalq bazarlarda daha yüksək maliyyə xərcləri ilə üzləşirlər və bu vəziyyət dəyişməlidir.

Keniya lideri vurğulayıb ki, Afrika ölkələri beynəlxalq maliyyə arxitekturasında islahatların aparılmasını və onun müasir reallıqlara uyğunlaşdırılmasını tələb edir.

Uillyam Ruto həmçinin BMT Təhlükəsizlik Şurasında Afrika ölkələrinin təmsil olunmamasını “paradoks” adlandırıb. O qeyd edib ki, Afrika qitəsində 1,5 milyard insan və BMT-nin ən böyük regional üzv qrupu olan 55 ölkə yaşasa da, Təhlükəsizlik Şurasının əsas qərarvermə mexanizmlərində təmsilçilik yoxdur.

Prezident bildirib ki, BMT-nin daha demokratik və təmsilçi olması üçün islahatlar qaçılmazdır. Onun sözlərinə görə, Bakıda keçirilən WUF13 forumu gələcəyin şəhərlərinin daha dayanıqlı, yaşamaq üçün əlverişli və inklüziv şəkildə qurulması baxımından mühüm imkan yaradır.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir. Forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı gələcəyin şəhərlərini formalaşdırmaq üçün imkan yaradır - Keniya Prezidenti — Fins.az — Fins.az