
Avtomobil daşımaları Avrasiya logistikasının əsas elementinə çevrilir - Sayran Mederov
Avrasiya ölkələrində avtomobil daşımaları və nəqliyyat infrastrukturunun inkişafı logistika şəraitinin sistemli şəkildə yaxşılaşdırılmasını, inzibati maneələrin azaldılmasını və əlaqəli infrastrukturun modernləşdirilməsini tələb edir.
Fins.az xəbər verir ki, bu barədə “TransExpeditions LLP” şirkətinin dövlət qurumları ilə əlaqələr və komplayens üzrə direktoru Sayran Mederov Bakıda keçirilən 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, nəzərdən keçirilən marşrutlar üzrə daşımaların əhəmiyyətli hissəsi avtomobil nəqliyyatının payına düşür və bu, regionun logistika sistemində onun əsas rolunu daha da gücləndirir.
S.Mederov qeyd edib ki, nəqliyyat marşrutlarının inkişafı təkcə logistika sektoruna deyil, həm də iqtisadiyyatın əlaqəli sahələrinə təsir göstərir. Onun sözlərinə görə, marşrutların təkmilləşdirilməsi biznes mühitinə və ölkələrarası iqtisadi əlaqələrə birbaşa təsir edir.
O vurğulayıb ki, son illərdə region ölkələrində tənzimləmə sahəsində müsbət dəyişikliklər müşahidə olunur. Onun sözlərinə görə, son iki ildə biznes nümayəndələrinin qərarvermə prosesinə daha fəal cəlb olunması və daşıyıcı assosiasiyaların normativ aktlara dəyişikliklərin edilməsində rolunun artması mühüm irəliləyişdir.
Mederov əlavə edib ki, bir sıra ölkələrdə cərimələr və daşımaların tənzimlənməsi ilə bağlı normativ sənədlərə düzəlişlər edilməsi istiqamətində müsbət nəticələr əldə olunub.