
Avrozonada iqtisadi artım zəif, inflyasiya isə yüksəlir
Aprel ayında Avrozonada inflyasiya səviyyəsi 3% təşkil edib və bu göstərici 2023-cü ilin sentyabr ayından bəri ən yüksək həddə çatıb.
Fins.az xəbər verir ki, bu barədə Eurostat məlumat yayıb. Bildirilib ki, mart ayında 2,6% olan inflyasiya apreldə 3%-ə yüksəlib və bu nəticə bazar proqnozları ilə üst-üstə düşüb.
Məlumata əsasən, inflyasiyanın artımında əsas rol enerji qiymətlərinə məxsus olub. Belə ki, aprel ayında enerji məhsullarında illik qiymət artımı 10,9% təşkil edib. Xidmətlər sektorunda qiymətlər 3%, qida, spirtli içki və tütün məhsullarında 2,5%, sənaye məhsullarında isə 0,8% artım qeydə alınıb.
Eyni zamanda qeyd olunur ki, ilin birinci rübündə Avrozona iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 0,1%, illik müqayisədə isə 0,8% artıb.
Qeyd edək ki, Avropa Mərkəzi Bankının Avrozonada inflyasiya üzrə hədəfi 2% səviyyəsində müəyyən edilib.