2010-cu ildən sonra Bonaire ciddi sosial-iqtisadi çətinliklərlə üzləşib – WUF13

2010-cu ildən sonra Bonaire ciddi sosial-iqtisadi çətinliklərlə üzləşib – WUF13

DÜNYA
313

Bonaire gəncləri adada artan sosial və iqtisadi problemlərlə, xüsusilə bərabərsizlik, yaşayış xərclərinin yüksəlməsi və qərarqəbuletmə proseslərində məhdud iştirakla üzləşirlər.

Fins.az xəbər verir ki, bu barədə Bonaire gənclərinin nümayəndəsi Finis Kristan Tayi Yucin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada oynadığı rol” adlı beynəlxalq konfransda çıxış edib.

O bildirib ki, gənclərin qarşılaşdığı bu vəziyyət yalnız nəzəri müzakirə mövzusu deyil, həm də onların gündəlik həyatına və gələcək perspektivlərinə birbaşa təsir edən real problemdir.

Yucin əlavə edib ki, Bonaire 2010-cu ildə Niderlandın inzibati idarəçiliyinə keçdikdən sonra ada əhalisi bir sıra sosial-iqtisadi çətinliklərlə üzləşib. Onun sözlərinə görə, mövcud fərqliliklər xüsusilə regionlar arasında inkişaf balanssızlığını daha da qabardıb.

Nümayəndə həmçinin qeyd edib ki, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi (CESCR) əvvəlki hesabatlarında Niderlandın Avropa hissəsi ilə Karib dənizi regionundakı ərazilər arasında mövcud sosial və iqtisadi fərqlərə diqqət çəkib.

Qeyd edək ki, Bakıda keçirilən WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə kimi istiqamətlərə həsr olunub. Gün ərzində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar və dəyirmi masalar təşkil edilib.

Forum iştirakçıları şəhərlərin inkişafının sosial inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri əsasında aparılmasının vacibliyini vurğulayıblar. Eyni zamanda şəhərlərin gələcək inkişafında innovasiya, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal texnologiyaların rolu ön plana çıxarılıb.

WUF13-ün üçüncü günü də bir sıra mühüm müzakirələrlə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellektin şəhər idarəçiliyində rolu, yaşıl urbanizasiya və sosial bərabərlik kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Üçüncü gün çərçivəsində Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon şəhərinin nümayəndəsi Ahmet Metin Genç imzalayıblar. Sənəd şəhərlər arasında mədəniyyət, turizm, şəhərsalma və yerli idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Forumun ilk iki günü isə nazirlər toplantısı, liderlər sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və müxtəlif pavilyonların açılışı ilə müşayiət olunub. 182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusu ilə mayın 22-dək davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
2010-cu ildən sonra Bonaire ciddi sosial-iqtisadi çətinliklərlə üzləşib – WUF13 — Fins.az — Fins.az