
Xızı-Xaçmaz Turizm Zonasında investisiya kataloqu hazırlanır
Ölkədə turizmlə bağlı investisiya imkanlarının təbliği məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən Turizm İnvestisiya Kataloqunun hazırlanması işləri aparılır. Kataloqda Xızı-Xaçmaz Turizm və Rekreasiya Zonasına daxil olan Xızı, Siyəzən, Xaçmaz və Şabran rayonlarında müxtəlif turizm layihələrinin təşviqi nəzərdə tutulub.
Fins.az xəbər verir ki, bu məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda qeyd olunur ki, həmçinin təbii və mədəni turizm potensialından istifadə etməklə turizmin inkişafının təmin olunması məqsədilə Xaçmaz rayonunun Turizm İnkişaf Konsepsiyası hazırlanıb.
Bölgələrdə turizm cəlbediciliyinin artırılması istiqamətində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na əsasən, Dövlət Turizm Agentliyi tərəfindən “Turistik kənd layihəsi” icra olunur. Layihə çərçivəsində turizm potensialı yüksək olan Qubanın Qrız, Lerikin Bibiyanı, İsmayıllının İvanovka, Qəbələnin Duruca, Qusarın Laza, Qaxın İlisu və Sarıbaş kəndləri seçilib. Layihənin məqsədi bu kəndlərdə dayanıqlı turizmin inkişafını təmin etmək, yerli icmaların iqtisadi aktivliyini artırmaq və müasir turizm infrastrukturunu yaratmaqdır.
Hazırda Laza, İlisu və Sarıbaş kəndlərində infrastrukturun layihələndirilməsi yekunlaşdırılıb, Laza kəndində tikinti işlərinə başlanılıb, digər dörd kənd üzrə layihələndirmə prosesi davam edir.
Eyni zamanda, ölkənin turizm potensialı nəzərə alınaraq AZPROMO tərəfindən bir sıra rayon və şəhərlərdə turizm üçün investisiyaya cəlbedici layihələr hazırlanaraq xarici investorlar üçün investisiya kataloquna əlavə olunub. Xaçmaz rayonunun turizm bölgələrinin investisiya xəritəsinin hazırlanması 2027-ci il üçün nəzərdə tutulub.