Regionlarda 780 qadın kollektiv biznes modeli əsasında özünü məşğulluqla təmin edib

Regionlarda 780 qadın kollektiv biznes modeli əsasında özünü məşğulluqla təmin edib

DİGƏR
455

Regionlarda kollektiv qadın biznesləri geniş vüsət alır, indiyədək 780 qadın bu model əsasında özünü məşğulluqla təmin edib.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilmiş "Qadın sahibkarlığın inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi" adlı yan tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan reallığına nəzər saldıqda görürük ki, qadınların aqrar sektorda rolu olduqca əhəmiyyətlidir. Statistik məlumatlara əsasən, ölkəmizdə qadınların böyük əksəriyyəti — təxminən 77 faizi kənd yerlərində yaşayır. Bu isə onların kənd təsərrüfatı fəaliyyətində iştirakını təbii olaraq artırır. Bəzi qiymətləndirmələrə görə, kənd təsərrüfatında çalışanların təxminən yarıdan çoxunu qadınlar təşkil edir və bu göstərici 50 faizdən yuxarıdır. Eyni zamanda, qadın sahibkarların təxminən 30 faizdən çoxu məhz kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrində fəaliyyət göstərir. Bu rəqəmlər onu göstərir ki, aqrar sahə qadın sahibkarlığının əsas dayaqlarından biridir. Daha konkret desək, Azərbaycanda artıq 80 mindən çox qadın fermer rəsmi şəkildə fəaliyyət göstərir. Bu, kifayət qədər böyük iqtisadi qüvvədir və kənd təsərrüfatının inkişafında qadınların rolunun artdığını aydın şəkildə nümayiş etdirir.Qadın fermerlər yalnız istehsalda deyil, həm də innovativ yanaşmalarda fəal iştirak edirlər. Məsələn, ölkəmizdə qadınlar toxumçuluq, bağçılıq, heyvandarlıq, emal və kənd təsərrüfatı məhsullarının bazara çıxarılması sahələrində uğurla fəaliyyət göstərir, hətta bəzi hallarda məhsullarını beynəlxalq bazarlara ixrac edirlər. Bu isə onu göstərir ki, qadınlar artıq yalnız istehsalçı deyil, həm də tam hüquqlu aqrobiznes subyektlərinə çevrilməkdədirlər”.

G. Qənbərova qeyd edib ki, qadınların aqrar sahədə fəallığının artırılması həm də ciddi iqtisadi effekt yaradır: “ Beynəlxalq təşkilatların hesablamalarına görə, qadınların resurslara çıxışı kişilərlə bərabərləşdirildiyi təqdirdə kənd təsərrüfatında məhsuldarlıq 20–30 faiz arta bilər. Bu isə həm ərzaq təhlükəsizliyinin güclənməsi, həm də kənd yerlərində yoxsulluğun azalması deməkdir. Azərbaycan dövləti bu potensialı nəzərə alaraq son illərdə aqrosahibkar qadınların dəstəklənməsi istiqamətində mühüm addımlar atıb.Aqrar Subsidiya Sistemi, Sahibkarlığın İnkişafı Fondu tərəfindən təqdim olunan güzəştli kreditlər, eləcə də müxtəlif qrant proqramları qadınların maliyyə resurslarına çıxışını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Bununla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən həyata keçirilən təlim və mentorluq proqramları qadınların biznes biliklərinin artırılmasına xidmət edir. Hüquqi mexanizmlər də bu prosesdə mühüm rol oynayır. Biznes qeydiyyatının sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi və sahibkar hüquqlarının müdafiəsi mexanizmləri qadınların sahibkarlıq fəaliyyətinə daha rahat daxil olmasına şərait yaradır. Azərbaycan Kənd Qadınları Assosiasiyası olaraq biz bu imkanların regionlarda yaşayan qadınlara çatdırılması və onların praktiki tətbiqinə dəstək göstərilməsi istiqamətində fəaliyyətimizi davam etdiririk”.

“Assosiasiyamız tərəfindən həyata keçirilən təlim proqramları, maarifləndirmə tədbirləri və mentorluq təşəbbüsləri nəticəsində yüzlərlə qadın aqrosahibkarlığa başlamış və ya mövcud fəaliyyətini genişləndirmişdir. Biz həmçinin qadınlar arasında kooperasiya modellərini təşviq edir, onların bazarlara çıxış imkanlarını artırmağa çalışırıq. Eyni zamanda, qadınların uğur hekayələrinin yayılması xüsusi əhəmiyyət daşıyır. Bu hekayələr digər qadınlar üçün motivasiya mənbəyi olmaqla yanaşı, cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasına da xidmət edir”,-deyə o qeyd edib.

Assosiasiya sədri vurğulayıb ki, lakin bütün bu müsbət dinamika ilə yanaşı, müəyyən çağırışlar da qalmaqdadır. Xüsusilə maliyyə resurslarına çıxışın məhdudluğu, hüquqi biliklərin yetərsizliyi, bazar əlaqələrinin zəifliyi və sosial stereotiplər qadınların potensialını tam reallaşdırmağa mane olur: “Bu gün qarşımızda duran əsas vəzifə mövcud dəstək mexanizmlərini daha da gücləndirmək, hüquqi imkanları genişləndirmək və qadınların aqrar sahədə tamhüquqlu iqtisadi subyekt kimi iştirakını təmin etməkdir. Çünki biz artıq dəqiq bilirik: qadınların gücləndirilməsi təkcə sosial ədalət məsələsi deyil-bu, iqtisadi inkişafın əsas şərtidir. Güclü qadın fermer-güclü kənd təsərrüfatı, güclü kənd təsərrüfatı isə güclü iqtisadiyyat deməkdir”.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Regionlarda 780 qadın kollektiv biznes modeli əsasında özünü məşğulluqla təmin edib — Fins.az — Fins.az