"Qadın iştirakçılığının təbliği" mövzusuna həsr olunmuş konfrans keçirilib

 "Qadın iştirakçılığının təbliği" mövzusuna həsr olunmuş konfrans keçirilib

DİGƏR
353

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Fins.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan tədbirdə Komitə sədri Bahar Muradova iştirakçıları salamlayaraq konfransı açıb.

O qeyd edib ki, Bakının ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) Azərbaycan üçün yeni mərhələdir. WUF13 strateji əhəmiyyət daşıyır. Son illərin ictimai-siyasi və postmünaqişə reallıqları fonunda şəhərsalma artıq yalnız infrastruktur məsələsi deyil. Bu zaman şəhərsalma ilk növbədə milli inkişaf, əhalinin və insanların maraqlarının nəzərə alınması, onlara qarşı sosial ədalətin və təhlükəsizliyin təmin olunması məsələsi kimi ortaya çıxır".

Dövlət Komitəsinin sədri vurğulayıb ki, qadınların şəhər mühitinə fərqli baxışı "insanyönümlü şəhərlər"in salınmasında həlledici rol oynayır: "Qadınların şəhər mühitinə baxışı fərqlidir. Onların gündəlik həyat təcrübəsi şəhər planlaşdırılmasında təhlükəsizlik, işıqlandırma, ictimai nəqliyyatın əlçatanlığı və sosial infrastruktur kimi məsələlərə daha həssas yanaşmanı zəruri edir. Bu baxımdan onların şəhərsalma prosesində iştirakı yalnız hüquq məsələsi deyil, həm də keyfiyyətli şəhər quruculuğunun vacib şərtidir".

B. Muradova gənc qızların mühəndislik və memarlıq kimi sahələrə cəlb olunması istiqamətində görülən işləri qeyd edib: "Azərbaycanda həyata keçirilən "Zərif mühəndislər" və "Parla" kimi təşəbbüslər texniki sahələrdə qadınların iştirakını gücləndirməklə yanaşı, bu sahədə gələcəyin lider qadın mütəxəssislərinin yetişdirilməsinə xidmət edir. Dövlət Komitəsi olaraq bizim əsas hədəfimiz bu istiqamətdə qadınların yalnız iştirakını deyil, həm də təsir imkanlarını artırmaqdır. Biz genderə həssas siyasətlərin tətbiqini genişləndirməyi, qadınların qərarvermə mexanizmlərində yerini möhkəmləndirməyi və şəhər mühitində onların təhlükəsizliyini təmin edən yanaşmaları təşviq etməyi prioritet hesab edirik".

Açılış hissədə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov şəhərsalma siyasətində gender bərabərliyinin təmin edilməsinin, habelə şəhər mühitinin formalaşdırılmasında qadınların fəal iştirakının vacibliyini vurğulayıb. Bildirib ki, müasir şəhərsalma yanaşmaları fiziki infrastrukturun qurulması ilə məhdudlaşmamalı, cəmiyyətin bütün üzvlərinin, o cümlədən qadınların ehtiyac və gözləntilərini nəzərə almalıdır. Bu baxımdan inklüziv planlaşdırma prinsiplərinin tətbiqi və qərar qəbuletmə proseslərində qadınların iştirakının genişləndirilməsi prioritet istiqamətlərdən olmalıdır.

Konfrans çərçivəsində panel sessiyada çıxış edən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma prosesində genderə həssas yanaşma tətbiq olunur və əlçatan sosial infrastruktur yaradılır. Bu yanaşma qadınların inteqrasiyasını və regionun dayanıqlı inkişafını dəstəkləyir.

Digər iştirakçılar da qadınların şəhərsalma və memarlıq sahələrində geniş təmsilçiliyinin vacibliyini qeyd edib, bu istiqamətdə həyata keçirilən layihə və təşəbbüslər barədə məlumat veriblər. Gender bərabərliyinin təmin olunmasının yalnız sosial ədalət məsələsi deyil, əlverişli və dayanıqlı şəhər mühitinin formalaşdırılmasının əsas şərtlərindən olduğu diqqətə çatdırılıb.

2026-cı ilin may ayında Azərbaycanın paytaxtı dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq. 17-22 may tarixlərində Bakı urbanizasiya və yaşayış məskənlərinin dayanıqlı inkişafı məsələlərinə həsr olunmuş ən irimiqyaslı və nüfuzlu beynəlxalq tədbirə- Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) ev sahibliyi edəcək. Forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökuməti tərəfindən birgə təşkil olunur.

WUF13-ün Bakıda keçirilməsi qərarı Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu, habelə kompleks şəhərsalma, infrastruktur islahatları və innovativ konsepsiyaların tətbiqi sahəsindəki uğurlarının beynəlxalq səviyyədə tanınmasını vurğulayır.

Ümumdünya Şəhərsalma Forumu (WUF) — şəhərlərin inkişafı, urbanizasiya və davamlı yaşayış mühitləri ilə bağlı qlobal səviyyədə keçirilən ən böyük beynəlxalq platformalardan biridir.

Bu forum Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı tərəfindən təşkil olunur və ilk dəfə 2002-ci ildə keçirilib.

WUF-un əsas məqsədi nədir?

Forumun əsas məqsədi:

Şəhərlərin daha davamlı, təhlükəsiz və inklüziv inkişafını müzakirə etmək

Urbanizasiya ilə bağlı problemlərə (məsələn, əhali artımı, infrastruktur çatışmazlığı, iqlim dəyişikliyi) həll yolları tapmaq

Dövlətlər, bizneslər və ekspertlər arasında əməkdaşlığı gücləndirməkdir.

UN-Habitat-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Anna Soavenin qiymətləndirmələrinə görə, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında dünyanın onlarla ölkəsindən 20 000-dən çox qonağın iştirakı gözlənilir.

İştirakçılar arasında yüksək vəzifəli dövlət xadimləri, dünya meqapolislərinin merləri, BMT agentliklərinin nümayəndə heyətləri, beynəlxalq investorlar, habelə ən böyük media nümayəndələri yer alacaq.

Qeyd edək ki, WUF13 forumu üçün xüsusi İKT portalı yaradılıb. Beynəlxalq tədbir zamanı istifadə olunacaq radioelektron avadanlıqların və tezliklərin koordinasiyası bu portal vasitəsilə həyata keçiriləcək.

 https://fins.az/az/ikt/bakida-kecirilecek-wuf13-forumu-xususi-ikt-portali-yaradilib

Bununla yanaşı, Anaklaudiya Rossbah Bakının Olimpiya Stadionunda WUF13 üçün hazırlıqları yoxlayıb.

https://fins.az/az/resmi/anaklaudiya-rossbah-bakinin-olimpiya-stadionunda-wuf13-hazirliqlari-yoxlayib

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Qadın iştirakçılığının təbliği" mövzusuna həsr olunmuş konfrans keçirilib — Fins.az — Fins.az