
Hüseyn Cavidin ev-muzeyinin fondunda 12 mindən çox eksponat qorunur
Fins.az - Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin adını daşıyan ev-muzeyində ədibin zəngin ədəbi irsini əks etdirən materialların qorunması və təbliği istiqamətində işlər davam etdirilir. Hazırda muzeyin fondunda 12 min 375 eksponat mühafizə olunur. Onlardan 189-u yeni qəbul edilmiş materiallardır və ümumilikdə 588 eksponat muzeyin ekspozisiyasında nümayiş etdirilir.
Muzeyin direktor vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru Validə Həsənovanın sözlərinə görə, fonda daxil olan materiallar arasında Hüseyn Cavidin şəxsi əşyaları, əlyazmaları, fotoşəkilləri, sənədlər və müxtəlif dövrlərə aid nəşrlər xüsusi yer tutur.
Bildirilib ki, muzey il ərzində yerli və xarici ziyarətçilərin böyük marağı ilə qarşılanır. Cari ildə muzeyi ümumilikdə 3830 nəfər ziyarət edib. Onlardan 3397 nəfərə Azərbaycan dilində, 433 xarici ziyarətçiyə isə müxtəlif dillərdə ekskursiyalar təşkil olunub.