
“AzerGold” ixrac gəlirlərini 30,9 milyon dollara yüksəldib
2026-cı ilin yanvar-fevral aylarında AzerGold QSC 30,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edərək qeyri-neft sektoru üzrə fəaliyyətini genişləndirib.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi-nin (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə mart sayında məlumat verilib.
Məlumata əsasən, şirkətin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 milyon ABŞ dolları və ya 41,7% artım nümayiş etdirib. Bu göstərici “AzerGold”un dövlətə məxsus şirkətlər arasında ixrac əməliyyatlarında lider mövqeyini qoruduğunu təsdiqləyir.
Hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən digər dövlət şirkətləri sırasında SOCAR Polymer MMC, AzərAlüminium MMC, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, Azərpambıq Aqrar Sənaye Kompleksi MMC, SOCAR-ın Qaz İxrac İdarəsi, SOCAR Cape MMC, Sənayecihaz EİM, İstisu Mineral Su Zavodu MMC və Qaradağ Şüşə Zavodu ASC yer alıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, yeyinti məhsulları üzrə ixrac 30,5% artaraq 200,6 milyon ABŞ dolları təşkil edib.