Yaşıl enerji bazarının inteqrasiyası regional inkişafı gücləndirəcək - Rəna Hümbətova

Yaşıl enerji bazarının inteqrasiyası regional inkişafı gücləndirəcək - Rəna Hümbətova

BİZNES
47

“Yaşıl enerji” inteqrasiyası regionda aşağı karbonlu sənayelərin inkişafını sürətləndirə bilər.

Fins.az xəbər verir ki, bu barədə Enerji Mənbələri Dövlət Agentliyi direktorunun müavini Rəna Hümbətova Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Avropa İttifaqı arasında bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi regional yaşıl enerji bazarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Rəna Hümbətova qeyd edib ki, inteqrasiya olunmuş bərpa olunan enerji bazarının yaradılması yalnız enerji infrastrukturunun inkişafı ilə məhdudlaşmır, eyni zamanda tənzimləyici çərçivələrin uyğunlaşdırılması, ortaq standartların tətbiqi və institusional əməkdaşlığın gücləndirilməsini də tələb edir.

Onun sözlərinə görə, sərhədlərarası elektrik enerjisi ticarətinin inkişafı üçün bazar qaydalarının harmonizasiyası, ötürücü şəbəkələrin birgə planlaşdırılması, interkonnektor layihələrinin koordinasiyası və bərpa olunan enerji sertifikatlaşdırma sistemlərinin tətbiqi vacibdir.

Agentlik rəsmisi xatırladıb ki, Azərbaycanda 2023-cü ildə Nazirlər Kabineti tərəfindən “Bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi üzrə mənşə sertifikatları sisteminin yaradılması Qaydası” təsdiq edilib. Bu mexanizm bərpa olunan enerji istehsalının mənşəyinin izlənilməsinə və Avropa bazarlarının karbon hesabatlılığı tələblərinə uyğunluğun təmin edilməsinə imkan yaradır.

Rəna Hümbətova bildirib ki, Azərbaycan bərpa olunan enerji üzrə quruda və dənizdə yüksək texniki potensiala malikdir və bu potensialın səmərəli istifadəsi istiqamətində hazırda Çin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndisliyi İnstitutu tərəfindən ölkənin elektrik ötürücü şəbəkəsi təhlil edilir. 2028-ci ildən sonrakı dövr üçün bərpa olunan enerji güclərinin sistemə inteqrasiyası imkanları qiymətləndirilir.

Onun sözlərinə görə, Xəzər regionu və Mərkəzi Asiyanın günəş və külək potensialı metallurgiya, kimya, sement, mədənçıxarma və emal sənayesi kimi sahələrin aşağı karbonlu enerji ilə təmin olunmasına və istehsal xərclərinin optimallaşdırılmasına şərait yarada bilər.

Bildirilib ki, Avropa İttifaqının iqlim siyasəti və karbon tənzimləmə mexanizmlərinin gücləndiyi şəraitdə bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinə çıxış ixrac potensialının qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Rəna Hümbətova həmçinin qeyd edib ki, regional yaşıl enerji inteqrasiyası yaşıl hidrogen, yaşıl ammonyak və Dayanıqlı Aviasiya Yanacağı (SAF) istehsalının inkişafını sürətləndirə bilər.

Onun sözlərinə görə, Azərbaycanın külək və günəş potensialı və formalaşmaqda olan enerji dəhlizləri ölkənin həm istehsal, həm də tranzit mərkəzi kimi mövqeyini gücləndirir.

Sonda vurğulanıb ki, bərpa olunan enerji inteqrasiyası Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi şaxələndirmə, yeni dəyər zəncirlərinin formalaşdırılması, investisiyaların cəlbi və yüksək ixtisaslı iş yerlərinin yaradılması üçün geniş imkanlar açır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaşıl enerji bazarının inteqrasiyası regional inkişafı gücləndirəcək - Rəna Hümbətova — Fins.az — Fins.az