
SLB: AÇG-də hasilatın 70%-i bp ilə birgə əməliyyatlar hesabına təmin olunur
Fins.az - SLB şirkətinin coğrafi regionlar üzrə icraçı vitse-prezidenti Stiv Gassen Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları” adlı sessiyada çıxış edib.
O bildirib ki, energetika sektorunda əsas prioritet enerji təhlükəsizliyi, əlçatanlıq və dayanıqlılıq arasında balansın təmin edilməsidir. Mövcud qlobal şəraitdə isə diqqət daha çox enerji təhlükəsizliyi məsələlərinə yönəlib.
Gassenin sözlərinə görə, yaxın perspektivdə enerji təchizat zəncirlərinin daha dayanıqlı formalaşdırılması üçün həm yerli, həm də regional səviyyədə investisiyaların artacağı gözlənilir. Bu prosesdə texnologiyalar və beynəlxalq əməkdaşlıq xüsusi rol oynayacaq.
O, SOCAR ilə əməkdaşlıq çərçivəsində “Bahar” yatağının yenidən işlənməsi layihəsini xüsusi qeyd edib. Onun sözlərinə görə, keçmişdə bir sıra texniki çətinliklərlə üzləşmiş yatağın müasir yanaşmalarla yenidən işlənməsi nəzərdə tutulur.
Layihədə ən müasir rəqəmsal texnologiyalar, süni intellekt əsaslı yeraltı (subsurface) modellər və inteqrasiya olunmuş yataq işlənmə yanaşmaları tətbiq olunur. Bu texnologiyaların məqsədi rezervuar drenajının optimallaşdırılması və layihənin yekun investisiya qərarı (FID) mərhələsinə çatdırılmasıdır.
SLB nümayəndəsi həmçinin bp ilə əməkdaşlığa da toxunub. Onun sözlərinə görə, şirkət bp ilə 20 ildən artıqdır ki, Azərbaycanda, xüsusilə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında birgə fəaliyyət göstərir.
AÇG yatağı ölkədə neft hasilatının təxminən 70%-ni təmin edir və burada hasilatın təbii azalması, xərclərin artması kimi çağırışlara baxmayaraq, yeni texnologiyalar tətbiq edilir. Bunlara avtonom və avtomatlaşdırılmış qazma sistemləri, rəqəmsal həllər və süni intellekt əsaslı optimallaşdırma alətləri daxildir.
Gassen bildirib ki, bu yanaşmalar təkcə cari hasilatın qorunmasına deyil, həm də Azərbaycanın uzunmüddətli perspektivdə regionun aparıcı enerji ixracatçısı kimi mövqeyinin güclənməsinə xidmət edir.