SGC-nin borc göstəriciləri yaxşılaşır – yeni Moody’s qiymətləndirməsi

SGC-nin borc göstəriciləri yaxşılaşır – yeni Moody’s qiymətləndirməsi

BİZNES
268

Cənub Qaz Dəhlizi “Moody's Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən milli və xarici valyutada emitent üzrə uzunmüddətli kredit reytinqi “Baa3” səviyyəsində təsdiqlənib.

Fins.az xəbər verir ki, eyni zamanda şirkətin baza kredit qabiliyyəti qiymətləndirməsi (BCA) “baa3” səviyyəsində saxlanılıb və reytinq üzrə proqnoz “müsbət” olaraq qiymətləndirilib.

Moody's Ratings bildirib ki, SGC-nin reytinqləri Azərbaycanın suveren reytinqi ilə uyğunlaşdırılıb və şirkətin strateji əhəmiyyətini, eləcə də ölkənin əsas qaz layihələrində dövlət maraqlarını təmsil etməsini əks etdirir.

Məlumata görə, hazırda SGC-nin səhmlərinin 49 %-i birbaşa dövlətə, 51 %-i isə SOCAR-a məxsusdur. Agentlik qeyd edir ki, 2026-cı ilin sonunadək azlıq payının “Abu Dhabi National Oil Company” ilə əlaqəli XRG investisiya şirkətinə planlaşdırılan satışı həyata keçirilsə belə, dövlətin şirkət üzərində strateji nəzarətini qoruyacağı gözlənilir.

“Moody's” SGC-ni hökumətlə əlaqəli emitent kimi qiymətləndirərək şirkətin müstəqil kredit qabiliyyətinin “baa3” səviyyəsində olmasını, Azərbaycanın suveren reytinqinin “Baa3” səviyyəsini, dövlətlə yüksək defolt korrelyasiyasını və fövqəladə dövlət dəstəyi ehtimalının yüksək olmasını əsas götürüb.

Agentlik vurğulayır ki, SGC-nin bütün borcları dövlət zəmanətləri ilə təmin olunur və bu amil reytinqin suveren səviyyə ilə uyğunluğunu gücləndirir.

Bildirilib ki, şirkətin güclü biznes profili qaz dəyər zənciri boyunca inteqrasiya olunmuş əməliyyatlarla dəstəklənir. SGC həm Şahdəniz yatağındə hasilatda iştirak edir, həm də strateji boru kəmərlərində paya sahibdir:

  • South Caucasus Pipeline

  • Trans Anatolian Natural Gas Pipeline

  • Trans Adriatic Pipeline

Bu infrastruktur Xəzər regionundan Avropa bazarlarına Azərbaycan qazının ixracı üçün əsas enerji dəhlizini formalaşdırır.

“Moody's” həmçinin Türkiyə və Avropada Azərbaycan qazına olan yüksək tələbatı və geosiyasi gərginliklər fonunda SGC-nin regional enerji təhlükəsizliyində rolunu vurğulayır.

Agentliyin hesablamalarına görə, 2025-ci ildə SGC-nin EBITDA göstəricisinin təxminən 65 %-i yüksək marjalı nəqliyyat əməliyyatlarından formalaşıb. “Ship-or-pay” mexanizmləri, tarif indeksasiyası və xərclərin kompensasiyası kimi uzunmüddətli müqavilələr şirkətin gəlir sabitliyini təmin edən əsas amillər kimi qeyd olunur.

Bununla yanaşı, “Moody's” şirkətin “upstream” seqmenti və Şahdəniz yatağı vasitəsilə əmtəə qiymətlərindən müəyyən asılılığının qaldığını bildirir. Lakin nəqliyyat seqmentinin artan payının sabit gəlirliliyi qoruyacağı, neft və qaz qiymətlərindəki artımın isə 2026-cı ildə hasilat seqmentinə əlavə dəstək verəcəyi gözlənilir.

Agentlik qeyd edir ki, SGC-nin borc göstəricilərində əhəmiyyətli yaxşılaşma baş verib: düzəliş edilmiş borc/EBITDA əmsalı 2023-cü ildə 2,4x olduğu halda 2024-2025-ci illərdə 1,3x-ə enib və 2026-2027-ci illərdə 1,0x-dən aşağı düşəcəyi proqnozlaşdırılır.

Bildirilib ki, şirkət dividend siyasətini yekunlaşdırdıqdan sonra səhmdarlara ödənişlərə başlamağı planlaşdırır. Buna baxmayaraq, SGC-nin güclü maliyyə profili və yüksək kredit göstəricilərini qoruyacağı gözlənilir.

“Moody's” həmçinin XRG-nin azlıq səhmdarı kimi daxil olmasının korporativ idarəetməni gücləndirə biləcəyini bildirir. Eyni zamanda, Yaxın Şərqdəki geosiyasi risklər fonunda Azərbaycanın mövqeyi ilə bağlı potensial risklər qeyd edilsə də, hazırda əməliyyatlara təsir qeydə alınmayıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SGC-nin borc göstəriciləri yaxşılaşır – yeni Moody’s qiymətləndirməsi — Fins.az — Fins.az