
Səngəçal terminalından Şahdəniz qaz ixracı 1,5% artıb
2026-cı ilin birinci rübündə Səngəçal terminalından orta hesabla gündə təxminən 74,4 milyon standart kubmetr Şahdəniz qazı, ümumilikdə isə təxminən 2 628 milyon standart kubfut həcmində ixrac həyata keçirilib.
Fins.az-ın bp şirkətinə istinadən verdiyi məlumata görə, bu göstərici 2025-ci ilin birinci rübündə gündə 73,3 milyon standart kubmetr təşkil edib və nəticədə qaz ixracı illik ifadədə 1,5% artım nümayiş etdirib.
Qaz ixracı Səngəçal terminalından Cənubi Qafqaz Boru Kəməri (CQBK) və onun genişləndirilmiş CQBKG sistemi, eləcə də terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycan qaz kəməri vasitəsilə həyata keçirilir.
Məlumata əsasən, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üzrə isə təxminən 81 milyon standart kubmetr təşkil edir. Ümumi qaz emalı və ixrac gücü (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təxminən 100 milyon standart kubmetr səviyyəsində qiymətləndirilir.