
Səngəçal terminalında elektrikləşdirmə layihəsi 2027–2028-ci illərdə tamamlanacaq
İsveçrənin ABB şirkəti bp-nin Səngəçal terminalının elektrikləşdirilməsi layihəsində iştirakdan məmnunluğunu ifadə edib.
Fins.az xəbər verir ki, bu barədə şirkətin strateji satışlar və əsas müştərilər üzrə meneceri Ceyms Hezerinqton Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, bp hazırda terminalın elektrik təchizatını təmin edən qaz turbinlərini istismardan çıxarır və obyekti Azərbaycanın milli enerji sisteminə inteqrasiya edir.
C.Hezerinqton qeyd edib ki, şəbəkəyə qoşulma enerji təchizatında sabitlik və gərginlikdə mümkün dalğalanmalar baxımından müəyyən risklər yarada bilər. Bu səbəbdən ABB layihədə texnoloji həll kimi sinxron kompensatorlardan istifadəni təklif edib.
Onun sözlərinə görə, bu texnologiya terminalın və Xəzər dənizində yerləşən dəniz aktivlərinin enerji təchizatında fasilələrin qarşısının alınmasına və şəbəkə sabitliyinin təmin edilməsinə imkan verəcək.
ABB rəsmisi bildirib ki, şirkətin bu layihədə seçilməsi onlar üçün mühüm uğurdur və tərəfdaşlarla əməkdaşlıqdan qürur duyurlar.
Qeyd edək ki, ABB 2025-ci ildə bp ilə Səngəçal terminalının elektrikləşdirilməsi və enerji sisteminin sabitliyinin dəstəklənməsi üzrə müqavilə imzalayıb.
STEL (Sangachal Terminal Electrification) layihəsi bp tərəfindən icra olunur və onun tamamlanması iki mərhələdə nəzərdə tutulub: birinci mərhələ 2027-ci ilin ortalarınadək, ikinci mərhələ isə 2028-ci ilin sonunadək başa çatdırılacaq.
Layihə “Şəfəq” günəş elektrik stansiyası ilə əlaqələndirilir və Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini də əhatə edir. Layihələr arasında enerji ötürülməsi yeni virtual model – Virtual Power Transfer Arrangement vasitəsilə həyata keçiriləcək. Bu mexanizm Səngəçal terminalının “Azərenerji” tərəfindən idarə olunan milli şəbəkəyə həm terminal daxilində, həm də xaricində inşa ediləcək 220/110 kV-luq yarımstansiyalar vasitəsilə qoşulmasını təmin edəcək.