
Qarabağ və Şərqi Zəngəzurdan müəssisələr sərgilərdə fəal iştirak edir - Bəhruz Hidayətzadə
Qarabağ və Şərqi Zəngəzurdan olan bir sıra müəssisələr artıq fəaliyyət göstərir və bu bölgələrdən olan istehsalçılar sərgilərdə öz məhsullarını nümayiş etdirirlər.
Fins.az xəbər verir ki, bu barədə “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə formalaşan şirkətlərin sayı getdikcə artır, fermerlər və sahibkarlar isə sərgi platforması vasitəsilə faydalı bilik və təcrübə əldə edirlər.
B.Hidayətzadə qeyd edib ki, yaxın illərdə, xüsusilə növbəti dörd il ərzində Qarabağ və Şərqi Zəngəzurdan olan istehsalçıların beynəlxalq sərgilərdə daha geniş şəkildə iştirak etməsi üçün imkanlar yaranacaq. Onun sözlərinə görə, kiçik bizneslərin sərgilərdə təmsil olunması üçün xüsusi proqramlar həyata keçirilir və onlara məhsullarını beynəlxalq auditoriyaya təqdim etmək üçün geniş platforma yaradılır.
O əlavə edib ki, indiyədək “Caspian Agro Week”, “InterFood Azerbaijan” və “Horeca Caspian” sərgilərində dünyanın 45 ölkəsindən 447 şirkət iştirakını təsdiqləyib. Sərgilərin coğrafiyası ABŞ, Almaniya, Çin, Türkiyə, Fransa, İtaliya, Yaponiya və bir çox digər ölkələri əhatə edir.
Həmçinin bildirilib ki, sərgilərdə Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında iştirak edəcək, AFAZ (Africa-Azerbaijan Cooperation) isə ayrıca stendlə təmsil olunacaq. Braziliya və AFAZ bu il sərgilərə ilk dəfə qatılan iştirakçılar sırasındadır.


