Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektləri 6% artıb

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektləri 6% artıb

BİZNES
282

Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə ödənilən vergilərin 76%-nin özəl sektorun payına düşməsi sahibkarlığın Azərbaycanın milli iqtisadiyyatında aparıcı mövqeyə yüksəldiyini göstərir.

Fins.az xəbər verir ki, bu barədə ASK prezidenti Məmməd Musayev Bakıda keçirilən “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır və azad olunmuş ərazilər artıq sahibkarlar üçün yeni investisiya məkanına çevrilib. Bu bölgələrdə dövlət tərəfindən tətbiq olunan vergi güzəştləri, infrastruktur layihələri və təhlükəsizlik təminatı biznes fəallığını daha da artırır.

Məlumatda qeyd olunub ki, Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu üzrə sahibkarlıq fəaliyyəti genişlənməkdədir. Rəsmi statistikaya əsasən, 2026-cı il 1 yanvar tarixinə həmin ərazilərdə 5 mindən çox sahibkarlıq subyekti fəaliyyət göstərib və bu, illik müqayisədə 6% artım deməkdir.

Bununla yanaşı, Qarabağ iqtisadi rayonuna ümumilikdə 526 milyon manata yaxın kredit yönəldilib. Bu vəsaitlər emal sənayesindən tutmuş turizmə qədər müxtəlif sahələrin inkişafına sərf olunub.

Məmməd Musayev əlavə edib ki, yaxın illərdə azad olunmuş ərazilərin ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən regionlarından birinə çevrilməsi gözlənilir və bu prosesdə özəl sektorun rolu daha da artacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq subyektləri 6% artıb — Fins.az — Fins.az