Pərviz Şahbazov: Vaxtında investisiyalar və aydın siyasət təbii qazın təhlükəsizliyini təmin edəcək

Pərviz Şahbazov: Vaxtında investisiyalar və aydın siyasət təbii qazın təhlükəsizliyini təmin edəcək

BİZNES
543

Təbii qaz qarşıdakı onilliklər ərzində enerji təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq və bu təhlükəsizlik vaxtında investisiyalarla və aydın siyasət çərçivələri ilə təmin olunmalıdır.

Fins.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında bildirib.

Nazir çıxışında qeyd edib ki, süni intellekt, məlumat mərkəzləri və rəqəmsallaşma ilə hərəkətə gələn elektrik enerjisi dövründə elektrik enerjisinə tələbat sürətlə artır və bu artımı etibarlı şəkildə dəstəkləyə bilən yeganə miqyaslana bilən və çevik resurs hələ də təbii qazdır. Şahbazov bildirib:

"Bu reallıq təbii qaza münasibətdə praqmatik yenidən qiymətləndirməni zəruri edir. Təbii qaz qarşıdakı onilliklər ərzində enerji təhlükəsizliyinin təməl dayağı olaraq qalacaq və bu təhlükəsizlik vaxtında investisiyalarla və aydın siyasət çərçivələri ilə təmin olunmalıdır. Məsləhət şuraları təbii qaz, bərpa olunan enerji və şaxələndirilmiş enerji nəqli marşrutları üzrə əməkdaşlığı təşviq etməklə praktik həllər irəli sürür və bu platformanın əsasını formalaşdırır."

P.Şahbazov həmçinin vurğulayıb ki, Cənub Qaz Dəhlizi və Azərbaycan qazı şaxələndirmə vasitəsilə enerji təhlükəsizliyi və təchizat sabitliyinin təminində mühüm rol oynayır. O qeyd edib ki, Azərbaycan 2021-ci ildən bəri Avropaya təbii qaz tədarükünü 56 faizdən çox artırıb, Transadriatik Qaz Kəməri (TAP) kəmərinin ötürmə gücü 1,2 milyard kubmetr genişləndirilib. Azərbaycan qazı həmçinin Suriyaya, Almaniyaya və Avstriyaya tədarük olunaraq təchizat şəbəkəsini Cənub-Şərqi Avropadan Yaxın Şərqə və Mərkəzi Avropaya qədər genişləndirib. Hazırda Azərbaycan qazı 10-u Avropa İttifaqına üzv olmaqla ümumilikdə 16 ölkəyə ixrac olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pərviz Şahbazov: Vaxtında investisiyalar və aydın siyasət təbii qazın təhlükəsizliyini təmin edəcək — Fins.az — Fins.az