
Orta Dəhlizin yükdaşıma gücü artırılır - Arif Ağayev
Türkmənistanda istehsal olunmuş ilk quru yük daşıyıcısı “Gadamly” gəmisinin Xəzər dənizində istismara başlaması region ölkələri arasında nəqliyyat və logistika əməkdaşlığının güclənməsi baxımından mühüm hadisə kimi qiymətləndirilib.
Fins.az xəbər verir ki, bu fikirləri Bakı Limanında “Gadamly” gəmisinin qarşılanma mərasimi zamanı Azərbaycan Dəmir Yolları sədrinin müavini Arif Ağayev səsləndirib.
O bildirib ki, Orta Dəhliz artıq ciddi alternativ nəqliyyat marşrutuna çevrilməkdədir və onun strateji əhəmiyyəti getdikcə artır. Bu dəhliz üzərində yerləşən ölkələrin hər biri artan yük axınına uyğun olaraq öz infrastrukturunu təkmilləşdirməlidir.
Arif Ağayevin sözlərinə görə, Azərbaycan tərəfi də nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində işləri davam etdirir. Bakı Beynəlxalq Dəniz Limanında və dəmir yolu şəbəkəsində modernləşdirmə layihələri həyata keçirilir, yeni lokomotiv və vaqonların alınması təmin olunur.
O qeyd edib ki, hazırda limanın ötürücülük qabiliyyəti 150 min TEU təşkil edir. Lakin həyata keçirilən dibdərinləşdirmə işləri və yeni avadanlıqların cəlb edilməsi nəticəsində bu göstəricinin 260 min TEU-ya çatdırılması planlaşdırılır.
Rəsmiyə görə, bu inkişaflar Orta Dəhlizin yükdaşıma potensialını artırmaqla yanaşı, regionda tranzit imkanlarını da genişləndirəcək.