Orta Dəhlizin buraxılış qabiliyyəti 10 milyon tona çatacaq - IRU

Orta Dəhlizin buraxılış qabiliyyəti 10 milyon tona çatacaq - IRU

BİZNES
326

Avropa və Asiya arasında əmtəə mübadiləsində Orta Dəhlizin strateji əhəmiyyəti artdıqca diqqət daha çox siyasi koordinasiyadan layihələrin praktiki icrası mərhələsinə yönəlir.

Fins.az Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir ki, dəhlizin effektiv fəaliyyəti yalnız infrastrukturla deyil, həm də prosedurların optimallaşdırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə müəyyən olunur.

Bəyanatda qeyd edilir ki, sərhəd keçidlərində vaxt itkilərinin azaldılması Orta Dəhlizin rəqabət qabiliyyətini artıran əsas amillərdən biridir. Eyni zamanda TIR sistemi, eTIR və eCMR kimi rəqəmsal həllərin tətbiqinin logistika proseslərinin səmərəliliyini dərhal yüksəltdiyi vurğulanır.

Brüsseldə keçirilən “Dayanıqlı Orta Dəhliz - strateji koordinasiyadan layihələrin icrasına doğru” mövzusundakı müzakirələrdə Avropa və Asiya arasında artan ticarət marşrutu kimi Orta Dəhlizin rəqabət qabiliyyətinin gücləndirilməsi yolları müzakirə olunub. IRU-nun Aİ-də yük daşımaları üzrə direktor müavini Mark Billiyet bildirib ki, marşrutun səmərəliliyi təkcə infrastrukturdan deyil, həm də prosedurların sadələşdirilməsi və dövlətlərarası koordinasiyadan asılıdır.

Qeyd edək ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin ilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Avropanı birləşdirən əsas beynəlxalq nəqliyyat xəttidir. Statistik göstəricilərə əsasən, bu marşrutla yükdaşımalar son illərdə kəskin artım nümayiş etdirib: 2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə isə 4,484 milyon ton yük daşınıb.

Türk Dövlətləri Təşkilatı-nın məlumatına görə, 2025-ci ildə Orta Dəhliz üzrə daşınan yüklərin həcmi 4,7 milyon ton təşkil edib. Proqnozlara əsasən, 2027-ci ilə qədər bu göstəricinin 10 % artacağı gözlənilir və həmin dövrədək marşrutun illik buraxılış qabiliyyətinin 10 milyon tona çatacağı bildirilir. 2030-cu il üçün isə TBNM üzrə yükdaşımaların hədəfi 11,4 milyon ton səviyyəsində müəyyən edilib ki, bu da Azərbaycanın tranzit imkanlarını daha da gücləndirəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Orta Dəhlizin buraxılış qabiliyyəti 10 milyon tona çatacaq - IRU — Fins.az — Fins.az