Orta Dəhliz üçün Azərbaycan və Türkiyənin strateji mövqeyi böyük üstünlükdür - UND rəhbəri

Orta Dəhliz üçün Azərbaycan və Türkiyənin strateji mövqeyi böyük üstünlükdür - UND rəhbəri

BİZNES
253

Azərbaycanın və Türkiyənin regiondakı strateji mövqeyi Orta Dəhliz və digər beynəlxalq logistika marşrutlarının inkişafı üçün mühüm imkanlar yaradır.

Fins.az xəbər verir ki, bu barədə Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda çıxış edən Beynəlxalq Daşıyıcılar Assosiasiyasının (UND) Baş İcraçı direktoru Alper Özel bildirib.

Onun sözlərinə görə, Türkiyənin nəqliyyat və ixrac potensialı son illərdə yüksək dinamika nümayiş etdirir. Belə ki, 2025-ci ildə Türkiyədən Avropadan Monqolustana, Portuqaliyadan Oman və Əfqanıstana qədər geniş coğrafiyanı əhatə edən təxminən 2,2 milyon ixrac daşınması həyata keçirilib.

A.Özel qeyd edib ki, ötən il Türkiyənin ümumi ixrac həcmi təxminən 260 milyard ABŞ dolları olub. Bu məbləğin təxminən 110 milyard dolları avtomobil nəqliyyatı vasitəsilə daşınıb. Onun sözlərinə görə, bu göstərici ümumi ixracın 41–42 faizinin avtomobil nəqliyyatının payına düşdüyünü göstərir.

UND rəhbərinin sözlərinə görə, digər nəqliyyat növləri üzrə pay bölgüsündə dəniz nəqliyyatı 45–46 faizlə ilk sırada qərarlaşıb. Hava nəqliyyatının payı 8–10 faiz, dəmir yolu nəqliyyatının payı isə təxminən 1 faiz təşkil edib.

A.Özel bildirib ki, dəmir yolu infrastrukturu hələ tam inteqrasiya olunmasa da, bu istiqamətdə dövlət tərəfindən ardıcıl inkişaf tədbirləri həyata keçirilir. O vurğulayıb ki, hazırda Orta Dəhliz əsasən avtomobil nəqliyyatı üzərindən fəaliyyət göstərir və bunun əsas səbəbi sürət amili ilə yanaşı bazarın tələbləridir.

Onun sözlərinə görə, Türkiyə regional nəqliyyat əlaqələrinin genişləndirilməsi məqsədilə yeni logistika marşrutları üzərində işləyir. Bu marşrutlar arasında İraq, Suriya, Körfəz ölkələri və Avropa istiqamətləri xüsusi əhəmiyyət daşıyır.

A.Özel əlavə edib ki, Mersin, İstanbul və Samsun kimi logistika və liman mərkəzləri Türkiyənin Avropa, Qara dəniz və Aralıq dənizi regionları ilə tranzit əlaqələrinin daha da güclənməsinə töhfə verir.

Ekspertin fikrincə, Azərbaycan və Türkiyə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişlənməsi Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına və regionun beynəlxalq yükdaşımalar bazarındakı mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Orta Dəhliz üçün Azərbaycan və Türkiyənin strateji mövqeyi böyük üstünlükdür - UND rəhbəri — Fins.az — Fins.az