
Nəqliyyat vasitələrinin təmiri və sürtkü materialları üçün tender elan edilib
Fins.az - Dövlət Vergi Xidməti nəqliyyat vasitələrinin cari və əsaslı təmiri xidmətləri, eləcə də sürtkü materiallarının alınması məqsədilə açıq tender elan edib. Satınalan qurum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərir.
Tenderin nömrəsi 2026/AT/00925/V1, təsnifat kodu isə 25175100 (nəqliyyat təmir hissələri dəstləri) olaraq müəyyən edilib. Satınalmanın ehtimal olunan dəyəri 624 018,81 AZN təşkil edir. Tender 02 mart 2026-cı il saat 09:14-də dərc olunub, təkliflərin son təqdim edilmə tarixi 03 aprel 2026-cı il saat 10:00, zərflərin açılışı isə eyni tarix və saatda həyata keçiriləcək.
Tender çərçivəsində ümumilikdə 1868 sətir üzrə mal və xidmətlərin alınması nəzərdə tutulur. Siyahıda, o cümlədən, 2010-cu il buraxılışlı BMW 760 Lİ markalı avtomobil üçün arxa və qabaq əyləc dəstləri, əyləclərin dəyişdirilməsi, arxa stabilizatorun rezini və onun dəyişdirilməsi kimi cari təmir işləri yer alır.
Tenderdə iştirak haqqı 450 AZN, istifadə haqqı isə 25 AZN olaraq müəyyən edilib. Qeyd olunur ki, təchizatçıların sayının üçdən az olması halları istisna olmaqla, iştirak haqqı geri qaytarılmır. İstifadə haqqı isə heç bir halda geri ödənilmir.
Tender üzrə təchizatçılarla vasitəçi olmadan əlaqəni təmin edən və məlumat mübadiləsini aparan vəzifəli şəxs böyük hüquqşünas Nabat Hacıyevadır. Əlaqə üçün elektron poçt ünvanı: [email protected].
Bildirilib ki, müsabiqədə iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır və məlumat mübadiləsi qanunvericiliyə uyğun olaraq üçüncü tərəflərə açıqlanmır. Cari elektron açıq tender üzrə əsas şərtlər toplusunu 02 mart 2026-cı il saat 11:00-dan sonra əldə etmək mümkündür.
Fuad Mədətov
Fins.az