Neft-qaz sektoru hələ də iqtisadiyyatın 30%-ni təşkil edir - Mikayıl Cabbarov

Neft-qaz sektoru hələ də iqtisadiyyatın 30%-ni təşkil edir - Mikayıl Cabbarov

BİZNES
210

Fins.az - İqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində neft-qaz sektorunun Azərbaycanın iqtisadiyyatında rolundan və gələcək inkişaf strategiyasından danışıb.

Nazir bildirib ki, neft-qaz sektoru bu gün də ölkə iqtisadiyyatında çox böyük paya malikdir və ümumi daxili məhsulun (ÜDM) 30 faizini təşkil edir. Onun sözlərinə görə, bu sektor ölkə gəlirlərinin formalaşmasında mühüm rol oynayır.

Mikayıl Cabbarov qeyd edib ki, uzun illər ərzində bu sahənin real alternativi formalaşmadığı üçün iqtisadi siyasət neft-qaz sektorunun önəmini nəzərə alaraq, eyni zamanda iqtisadiyyatın dayanıqlılığının təmin olunması prinsipi üzərində qurulmalıdır.

Nazir xatırladıb ki, neft hasilatında pik göstərici 2010-cu ildə qeydə alınıb və həmin dövrdə təxminən 51 milyon ton neft hasil edilib. 2025-ci ildə bu rəqəm 27,7 milyon ton təşkil edib.

Onun sözlərinə görə, ölkənin neft-qaz strategiyası iki əsas istiqamət üzrə inkişaf edir. Birinci istiqamət mövcud ehtiyatların səmərəli işlənməsi və yeni layihələrin həyata keçirilməsidir. Bu çərçivədə “Azəri-Çıraq-Günəşli”, “Abşeron”, “Babək”, “Ümid”, “Bahar-Qum-Dəniz” və “Qarabağ” layihələrinin icrası davam etdirilir.

Mikayıl Cabbarov bildirib ki, Azərbaycan uzun illər etibarlı neft-qaz istehsalçısı və ixracatçısı olaraq qalacaq.

Nazir qeyd edib ki, ikinci istiqamət SOCAR-ın beynəlxalq bazarlarda fəaliyyətinin genişləndirilməsidir. Onun sözlərinə görə, şirkət artıq təkcə emal deyil, hasilat sahəsində də xarici layihələrdə iştirak edir.

Mikayıl Cabbarov əlavə edib ki, son illərdə SOCAR Birləşmiş Ərəb Əmirlikləri, Afrika qitəsi (Kot-d’İvuar) və İsraildə layihələrə start verib, eyni zamanda Türkiyə bazarında geniş infrastruktur portfelinə malikdir.

Nazir bildirib ki, Azərbaycan hazırda 16 ölkəni təbii qazla təmin edir və bu, ölkənin enerji təhlükəsizliyində rolunu daha da artırır.

Onun sözlərinə görə, SOCAR-ın beynəlxalq fəaliyyəti iqtisadi baxımdan da səmərəlidir və əldə olunan gəlirlər dövlətə dividend formasında geri qayıdır.

Mikayıl Cabbarov həmçinin İtaliyada “Italiana Petroli” şirkətinin alınmasını və Özbəkistanda həyata keçirilən layihələri də strateji əməkdaşlıq nümunəsi kimi qeyd edib.

Nazir əlavə edib ki, Azərbaycanın nəqliyyat və enerji infrastrukturu region ölkələrinin resurslarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayır və bu, Orta Dəhlizin vacib tərkib hissəsidir.

O bildirib ki, ölkədə yeni neft emalı zavodunun tikintisi üzrə layihə həyata keçirilir və bu müəssisənin 5-6 il ərzində istifadəyə verilməsi planlaşdırılır. Zavod müasir standartlara uyğun olaraq həm yanacaq, həm də neft-kimya məhsullarının istehsalını təmin edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Neft-qaz sektoru hələ də iqtisadiyyatın 30%-ni təşkil edir - Mikayıl Cabbarov — Fins.az — Fins.az