
Neft və qaz qiymətlərinin artımı Azərbaycan gəlirlərini yüksəldir - AYİB
Neft və qaz qiymətlərinin artımı enerji idxal edən ölkələr üzərində təzyiq yaradacaq, eyni zamanda Azərbaycan kimi ixracatçıların gəlirlərini artıracaq.
Fins.az xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) regional iqtisadi icmalında bildirilir.
Hesabata görə, enerji resurslarının ticarətində mənfi balans xüsusilə Moldova, İordaniya, Tunis, Seneqal, Şimali Makedoniya, Mərakeş və Misir üçün böyükdür və ÜDM-in 5–11 faizini təşkil edir. Livan, Misir, Seneqal və Mərakeş isə yüksək neft asılılığına malik ölkələrdir. Eyni zamanda, ixracatçı ölkələr üçün neft və qaz ticarətində profisit ÜDM-in 11–39 faizi səviyyəsində proqnozlaşdırılır; bunlara Azərbaycan, Qazaxıstan, Monqolustan, Nigeriya və İraq daxildir.
AYİB analitikləri bildirir ki, xammal ixracı idxaldan daha çox konsentrasiyalıdır və ixrac edən ölkələrin rifahı məhsullarının qiymətləri ilə sıx bağlıdır. İdxalçı ölkələr üçün iqtisadi dinamika və enerji qiymətləri arasındakı əlaqə isə adətən daha zəif olur. Bank hesab edir ki, Hörmüz boğazının bağlanması neft qiymətlərini daha da artırmaq potensialına malikdir.
Növbəti aylarda neftə tələbat qiymətdən az asılı olacaq; kotirovkalar barel üzrə 180 dollar səviyyəsinə çata bilər, analitiklər isə 150–200 dollar intervalında dəyişkənlik proqnozlaşdırırlar. Uzunmüddətli perspektivdə yüksək qiymətlər tələbi azaldacaq, sənaye müəssisələri enerji səmərəli texnologiyalara keçəcək, istehlakçılar isə zəruri olmayan xərcləri ixtisar edəcək. Bununla belə, qiymətlər Ərəbistan körfəzindən ciddi tədarük məhdudiyyətləri olsa belə, təxminən 100 dollar/barel səviyyəsində stabilləşə bilər.
AYİB həmçinin xəbərdarlıq edir ki, qiymətlərin barel üzrə 100 dollara davamlı yüksəlməsi qlobal iqtisadi artımı ən azı 0,4 faiz bəndi azalda və kimya və metallurgiya məhsulları tədarük zəncirlərindəki pozuntuları nəzərə alaraq qlobal inflyasiyanı 1,5 faiz bəndindən çox artıra bilər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 3,6 milyon ton neft və bitumlu neft məhsulları ixrac edib və 1,7 milyard dollar gəlir əldə edib.