
Naxçıvanda elektrik enerjisi istehsalı artıb
2025-ci ildə Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi sektorunda istehsal, ötürmə və təchizat istiqamətlərində fəaliyyət davam etdirilib, enerji obyektlərində planlı əsaslı və cari təmir işləri həyata keçirilib.
Fins.az-ın məlumatına görə, görülən tədbirlər nəticəsində istehlakçıların elektrik enerjisi ilə təminatında dayanıqlıq və keyfiyyət göstəriciləri yaxşılaşıb.
Məlumata əsasən, hazırda muxtar respublikada ümumi gücü 244,8 meqavat olan elektrik stansiyaları fəaliyyət göstərir. Bu gücün 137 meqavatı istilik elektrik stansiyalarının, 68,4 meqavatı su elektrik stansiyalarının, 38 meqavatı günəş elektrik stansiyalarının, 1,1 meqavatı külək-günəş hibrid elektrik stansiyasının, 0,3 meqavatı isə külək elektrik stansiyasının payına düşür.
Hesabat dövründə elektrik stansiyalarında ümumilikdə 507,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 22,9 milyon kVt/saat çoxdur.
Bununla yanaşı, muxtar respublikada “yaşıl enerji” istiqamətində layihələrin genişləndirilməsi üzrə addımlar davam etdirilib. Ümumilikdə 7 992 hektar torpaq sahəsi ayrılıb ki, bunun 5 129 hektarı günəş, 2 863 hektarı isə külək elektrik stansiyalarının qurulması üçün nəzərdə tutulub.
Qeyd olunub ki, kommunal infrastrukturun modernləşdirilməsi istiqamətində mühüm sənədlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 avqust tarixli 685 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”dır.
Bu plan çərçivəsində istismar müddəti başa çatmış 110 kV-luq “Ordubad-1”, “Ordubad-2” və “Culfa” elektrik verilişi xətlərinin ikidövrəli yenidən qurulmasına start verilib. Eyni zamanda, “Naxçıvan”, “Babək”, “Çeşməbasar” yarımstansiyalarında və Regional Rəqəmsal İdarəetmə Mərkəzinin (SCADA) binasında tikinti işləri davam etdirilir, “Yeni Culfa” yarımstansiyasının tikintisi isə artıq tamamlanıb.