
Leyla Əliyeva: Xəzər dənizində ekoloji tarazlığı qorumaq üçün regional əməkdaşlıq vacibdir
Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclasları çərçivəsində “Yaşıl enerji layihələri” sessiyası keçirilib.
Fins.az xəbər verir ki, sessiyada çıxış edən Leyla Əliyeva Xəzər dənizindəki problemlərə toxunaraq, məsələnin yalnız region ölkələrini deyil, qlobal ekosistemi də narahat etdiyini bildirib. O qeyd edib ki, son 100 ildə Xəzərdə suitilərin sayı 1 milyondan 200 minə qədər azalıb və əmin olduğunu bildirib ki, region ölkələri birgə əməkdaşlıq edərək dənizin ekoloji tarazlığını qoruyacaq. Leyla Əliyeva həmçinin Azərbaycanın bərpaolunan enerji layihələrinə yatırımlar etdiyini və regional yaşıl enerji mərkəzinə çevrilməyi hədəflədiyini vurğulayıb.
Avropa Komissiyasının Energetika Baş idarəsinin direktoru Kristina Lobilyo Borrero bərpaolunan enerji texnologiyalarının tətbiqinin enerji təhlükəsizliyini artırdığını, vətəndaşları və sənayeni qiymət dəyişkənliyindən qoruduğunu, eyni zamanda yeni sənaye imkanları və uzunmüddətli sabitliyin göstəricisi olduğunu qeyd edib.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın bioenerji, geotermal resurslar və yaşıl hidrogenin inkişafı istiqamətində potensialını təqdim edib. O əlavə edib ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonları yaşıl enerji zonaları kimi müəyyən olunub və beynəlxalq əməkdaşlıq çərçivəsində əsas fəaliyyət sənədləri hazırlanıb.
SOCAR-ın törəməsi olan “SOCAR Green”in baş direktoru Elmir Musayev isə şirkətin məqsədinin neft-qaz obyektlərini dekarbonlaşdırmaq və ölkədə ekspert biliklərini konsolidasiya etmək olduğunu vurğulayıb.
Sessiyada çıxış edən digər iştirakçılar – “Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıqov, “ACWA Power” şirkətinin Biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova, bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə baş maliyyə meneceri Ayla Əzizova, “Xlinks” layihəsinin icraçı direktoru Ceyms Hamfrey və Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz üzrə direktoru Vibke Şlomer – bərpaolunan enerji sahəsində perspektivlər və regional əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Fuad Mədətov
Fins.az





