“Kölgə iqtisadiyyatı”nın azaldılması üzrə real nəticələr əldə edilib – Orxan Nəzərli

“Kölgə iqtisadiyyatı”nın azaldılması üzrə real nəticələr əldə edilib – Orxan Nəzərli

BİZNES
725

Fins.az - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli bildirib ki, 2025-ci il Azərbaycan iqtisadiyyatı üçün sabitliyin və çevik uyğunlaşmanın ön plana çıxdığı bir il olub. Bu mürəkkəb şəraitdə fiskal dayanıqlığın qorunması və dövlət gəlirlərinin təmin edilməsi əsas prioritetlərdən biri idi.

2025-ci ildə DVX-nin üzərinə düşən fiskal daxilolmaların həcmi 24,2 milyard manata yaxın olub ki, bu da ümumi fiskal yığımların 79,1%-ni təşkil edir. Cəmi vergi daxilolmaları proqnoza münasibətdə 105,5%, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 102,9% icra olunub. Dövlət büdcəsinə 16,4 milyard manata yaxın vergi daxilolması, qeyri-neft-qaz sektoru üzrə isə 12 milyard manatı keçən daxilolmalar təmin edilib.

Orxan Nəzərli qeyd edib ki, 2025-ci ilin nəticələrinə görə könüllü əməletmə göstəricisi 92,6% təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 2,1 dəfə artım deməkdir. İqtisadi fəallığın əsas göstəricisi olaraq, aktiv vergi ödəyicilərinin sayı 6,5% artaraq 860 minə yaxınlaşıb, bu isə 2019-cu illə müqayisədə 73,2% artım deməkdir.

Rəis vurğulayıb ki, əldə olunan müsbət dinamika yalnız inzibati nəzarətin gücləndirilməsi ilə deyil, iqtisadi aktivliyin leqallaşdırılması və vergi ödəyiciləri ilə qarşılıqlı etimadın artırılması nəticəsində mümkün olub. Eyni zamanda, “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılması istiqamətində real və ölçülə bilən nəticələr əldə edilib.

Orxan Nəzərli bu nəticələrin sistemli və ardıcıl yanaşmanın uzunmüddətli effektini bir daha təsdiqlədiyini bildirib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Kölgə iqtisadiyyatı”nın azaldılması üzrə real nəticələr əldə edilib – Orxan Nəzərli — Fins.az — Fins.az